Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır
Azərbaycan həqiqətlərinin dünyaya dəqiq və düzgün çatdırılması istiqamətlərində həyata keçirdiyi işlər çərçivəsində ölkə başçısı Cənab İlham Əliyev növbəti dəfə tanınmış kütləvi informasiya vasitələrindən birinə geniş müsahibə verib. Cari ilin dekabr ayının 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyov Prezident Cənab İlham Əliyevin qonağı olaraq ondan müsahibə alıb. Müsahibədə Rusiya Azərbaycan münasibətlərinin genişləndirilməsi perspektivləri, Bakıda keçirilən yüksək səviyyəli beynəlxalq tədbir olan COP29-un yekunları, bir sıra dövlətlərin bölgədə vəziyyəti gərginləşdirmək məqsədi ilə Ermənistanı silahlandırılması, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətindəki işlərin vəziyyəti, Azərbaycanda rus dilinə olan münasibət və digər mühüm əhəmiyyət daşıyan məsələlərə toxunulub.
Qeyd edilib ki, bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. “Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq”, – deyən dövlətimizin başçısı Cənab İlham Əliyev bundan sonra da belə olacağına əminliyini ifadə edib. Deyib ki, əlbəttə, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik. Azərbaycan-Rusiya əlaqələri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur.
Azərbaycan və Rusiya münasibətlərinin tarixi dövrü ölkələr arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı