26 Dekabr 2024

Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub

Bu gün yerləşdiyimiz yüksəkliklərdən hətta Naxçıvan dağları da görsənir. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Mən bunu artıq bir neçə dəfə demişəm, bu gün də demək istəyirəm. Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub.

Burada təkcə Ermənistan yox, bəlkə də onlardan daha çox onların xaricdəki havadarları, onların arxasında dayanan dövlətlər yenə də Azərbaycana qarşı qarayaxma kampaniyası başlamışdır və biz bu gün görüşdüyümüz vaxtda BMT-də bizə qarşı növbəti təxribat hazırlanır. Artıq bir neçə gündür ki, xüsusi canfəşanlıqla seçilən bəzi ölkələr bizə qarşı növbəti çirkin planlarını həyata keçirmək əzmindədir. Amma hələ ki, bir şey əldə edə bilmirlər, neçə gündür əlləşirlər. Gələn həftə də öz səylərini göstərəcəklər. Yəni, Laçın yolunda baş verən hadisə gün kimi aydındır. Bu, bizim legitim hüququmuzdur.

Bizim təbii sərvətlərimiz istismar edilir, təbii sərvətlərimiz daşınır. O təbii sərvətlərimizi istismar edənlər istənilən beynəlxalq hüquqi normaya görə cinayətkardırlar. Çünki bu, bizim beynəlxalq birlik tərəfindən tanınmış ərazimizdir və haqlı tələbimiz var ki, bizim ictimaiyyət nümayəndələri və ilk növbədə, ondan əvvəl dövlət qurumlarının nümayəndələri monitorinq keçirməlidirlər. Baxmalıdırlar orada hansı işlər baş verir və o qanunsuz fəaliyyət dayandırılmalıdır. Bizim haqlı tələbimiz bundan ibarətdir. Ancaq bu gün bu vəziyyət tamamilə təhrif edilmiş tərzdə təqdim olunur. Yenə yalan, yenə iftira, yenə böhtan, kim bunu edir, biz hamımız yaxşı bilirik. Yenə də deyirəm, Ermənistan dövləti hazırda burada ilk sıralarda deyil. Amma bu, bizi heç nədən çəkindirməyəcək. Biz artıq bunu dəfələrlə sübut etmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, müharibədən keçən iki il bunu göstərdi. Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək.

Tamerlan Qaragözov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi