Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir

Azərbaycan dünya enerji xəritəsində strateji rolunu möhkəmləndirməkdə davam edir. Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinin açılışında etdiyi çıxış, ölkənin enerji sahəsində keçdiyi yolun və qarşıya qoyulan hədəflərin aydın təsviridir.
1994-cü ildə keçirilən ilk Xəzər Neft və Qaz Sərgisindən etibarən Azərbaycanın neft və qaz strategiyası ölkənin geosiyasi çəkisini artırmaqla yanaşı, iqtisadi müstəqilliyinin də təməlini qoydu. Məhz bu sərginin ardınca imzalanan və sonradan “Əsrin müqaviləsi” adlandırılan saziş, Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirdi. Həmin dövrdə iqtisadi və sosial sabitliyin dərin şəkildə pozulduğu, xarici sərmayənin risk kimi dəyərləndirildiyi bir zamanda atılan bu addımlar Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiyasını təmin etdi. Bu gün isə Azərbaycan təkcə enerji istehsalçısı deyil, həm də onun nəqli, təhlükəsizliyi və paylanmasında fəal iştirak edən, regional sabitliyin təminatçısı olan ölkəyə çevrilmişdir.
Ölkə iqtisadiyyatının dayanıqlı və müstəqil şəkildə inkişafı, yoxsulluq səviyyəsinin 5 faizə qədər endirilməsi, xarici borcun minimal səviyyədə saxlanılması və təhsil göstəricilərindəki uğurlar insan kapitalına qoyulan diqqətin real nəticələridir. Neft və qaz gəlirlərinin düzgün idarə olunması, həmçinin bu resurslardan əldə edilən gəlirlərin infrastruktur və sosial sahələrə yönəldilməsi Azərbaycanın inkişaf modelini regional nümunəyə çevirmişdir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın enerji siyasəti sadəcə iqtisadi deyil, həm də strateji və geosiyasi bir missiya daşıyır. Xəzərdən Aralıq dənizinə qədər uzanan Cənub Qaz Dəhlizi bu missiyanın rəmzidir. COP29 çərçivəsində inkişafda olan ölkələr üçün yardım paketlərinin artırılması, karbon bazarının fəaliyyətə başlaması və “Bakı sıçrayışı” anlayışı ilə əlamətdar olan uğurlar, Azərbaycanın qlobal enerji və iqlim gündəmində məsuliyyətli və irəlidə gedən aktor kimi yerini daha da möhkəmləndirir.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı