20 İyul 2024

Bu FOTO çəkiləndən sonra Ərdoğan otağı tərk edib – SENSASİYA

Sinan Oğanın Rəcəb Tayyib Ərdoğanla əl görüşdüyü fotosu yayıldı, mediaya ötürüldü. O foto Sinan Oğanın sosial media hesabında yoxdur.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Zəfər Partiyasından (Sinan Oğanın prezidentliyə namizəd olduğu ATA İttifaqının əsas partiyası) Anıl Səncər Oğan-Ərdoğan görüşü haqda sensasiya sayıla biləcək açıqlamasında deyib.

O bildirib ki, yayılan xəbərdə diqqətini çəkən məsələ görüşün Dolmabaxça sarayında baş tutması idi:

“Məsələ budur ki, Dolmabaxçada görüş keçirilirsə, buna xalq ciddi diqqət etməlidir. Çünki Ərdoğan prezidentliyə namizəd olaraq Dolmabaxçada görüşməz, ya AKP baş qərargahında görüşər, ya da “külliyyə” dedikləri Beştəpədə, yaxud yüzlərlə digər yerdə. Türkiyə dövləti üçün Dolmabaxça sarayı və Çankaya köşkü çox önəmli yerlərdir – oralar dövlətdir, iqtidar və ya hökumət deyil! Sinan Oğanı Dolmabaxça sarayına Ərdoğan deyil, “dərin dövlət” çağırıb. Səhv edə bilərəm, ancaq fikrimcə, o foto Ərdoğanla bərabər çəkdiriləndən sonra Ərdoğan otağı tərk edib, Sinan Oğanla dövlət görüşüb”.

Səncər bu iddianı səsləndirməsinə səbəb kimi Sinan Oğanın qəfil dəyişməsini göstərib:

“Sinan Oğana orda nə verildiyini bilmirik: kəşfiyyat məlumatlarımı, ya başqa bir şeymi? Nələr paylaşıldı ki, bu günə qədər insanların gözünün içinə baxa-baxa danışan Sinan Oğanın 10 səhifəlik mətni başını qaldırmadan, arada 3 dəfə su içərək oxuduğunu gördük. O mətn Sinan Oğana oxuduldu. Oğan o mətni oxudu və oranı tərk etdi. Diqqət etdinizsə, Sinan Oğanın siması da normal deyildi, “vücud dili” qəribə idi, məmnun deyildi”.

Qeyd edək ki, Sinan Oğan 28 mayda keçiriləcək seçkilərin ikinci turunda Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini açıqlayıb.

ATA İttifaqının aparıcı partiyası Zəfər isə Millət İttifaqının namizədi kamal Kılıçdaroğluya dəstəyini ifadə edib.