03 Noyabr 2024

Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir

Azərbaycanın hər sahədə qazandığı təcrübə ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə özünün aydın ifadəsini tapır.  Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. Açılış mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev tədbirə 53 ölkədən 200-ə yaxın xarici qonağın, ümumilikdə 400 iştirakçının qatılmasını dostluğumuzun təzahürü kimi dəyərləndirdi. Həmçinin vurğulandı ki, bu, birgə marağımızın təzahürüdür- İşğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa edək.

Hər zaman bu mühüm məqamı xüsusi qeyd edirik ki, Azərbaycan dünya hərb tarixində ilkə imza atan ölkədir. Müharibədən sonra azad edilmiş torpaqlarda dərhal bərpa-quruculuq işlərinə başlamaq qeyri-mümkündür. Azərbaycan istisna olaraq bu addımı atdı. Hərbi-siyasi Qələbəmizin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra bu torpaqlarda bərpa işlərinə start verildi. Bu, Azərbaycanın iqtisadi və siyasi gücünün dünyaya təqdimatıdır. Cənab İlham Əliyev Forumda bildirdi ki, sıfırdan yeni şəhər və kəndlər inşa edirik. Ona görə də burada müasir texnologiyalar tətbiq etməliyik ki, bununla da keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradaq. Onların bir hissəsi artıq qayıdıbdır.

Ötən il birinci Şəhərsalma Forumunu Ağdam şəhərində keçirildi. Həmin şəhər də sıfırdan inşa edilir, çünki o, işğal dövründə darmadağın edilmişdir.

Zəngilan azad olunmuş ərazilər arasında birinci olaraq sakinlərini qarşıladı. “Ağıllı kənd” layihəsinin ilk iştirakçısı olan Ağalı kəndi müasir tələblər səviyyəsində bərpa edilərək ötən il əzəli sakinlərinə qovuşdu. Dövlət başçısı sözügedən Forumdakı çıxışında bildirdi: “Orada sakinlər xoşbəxt yaşayırlar. Mən Ağalı kəndində dəfələrlə olmuşam – sakinlərin qayıdışından əvvəl və sonra. Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə dərəcədə bağlıdırlar. Heç zaman öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi. Ancaq üç il əvvəl biz bu işğala son qoyduq.”

Bu gün Zəngilan rayonun timsalında bütün işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin aydın mənzərəsini görürük. Zəngilan mühüm nəqliyyat qovşağı hesab edilir. Çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir. Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktordur. Prezident İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, gələcəkdə Zəngilanda xarici turistlərin sayı çox olacaq. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Zəngilan Beynəlxalq Hava Limanı azad olunmuş ərazilərdə inşa edilmiş ikinci hava limanıdır. Füzuli Beynəlxalq Hava Limanı 2021-ci ildə, Zəngilan Beynəlxalq Hava Limanı isə 2022-ci ildə istifadəyə verildi.  Üçüncüsü isə hazırda Laçında inşa edilir və iki il ərzində o hava limanı da istifadəyə veriləcək.

Azərbaycan təkmil dirçəliş modelini dünyaya təqdim edir. Şəhərlərimiz Baş plan əsasında bərpa edilir. Zəngilanın da Baş planı artıq təsdiq edilib. Dövlət başçısı İlham Əliyev bu hədəfi də açıqladı ki, 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaq.

Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan addımlar sırasında  dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamını xüsusi qeyd etmək istərdim.  Bu sənədə uyğun olaraq 4 oktyabr Cəbrayıl Şəhəri Günüdür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl işğalından azad edildi. 44 günlük İkinci Qarabağ müharibəsinin hər günündə cəbhədən gələn qələbə xəbərləri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını sevindirdi, torpaq həsrətinə son qoyulacaq günün uzaqda olmadığına əminlik yaratdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun göstərdiyi qəhrəmanlıq, şücaət  nəticəsində 44 günlük İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı.  30 ilə yaxın dövrdə qaçqın və məcburi köçkün həyatını yaşayan soydaşlarımızın dilindən səslənən ifadə bu oldu ki, artıq biz qaçqın deyilik.  Şəhər və kəndlərimizi, küçə və meydanlarımızı Azərbaycanın üçrəngli bayrağı bəzədi. İşğaldan azad edilmiş ərazilərimizdə ucaldılan Azərbaycan Bayrağı dünyaya bu torpaqların sahibinin Azərbaycan xalqı olduğunu çatdırdı.

Qarabağımız və Şərqi Zəngəzurumuz azaddır. Qarabağ münaqişəsi tarixə qovuşduğu ilk gündən   dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərə davamlı səfərləri hər birimizdə böyük qürur hissi yaradır. Ölkə Prezidenti qələbə sevincini xalqımızla bölüşmək, bu torpaqların sahibinin məhz biz olduğumuzu Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırmaq üçün işğaldan azad edilmiş ərazilərimizə ardıcıl səfərlərini atdığı biri-birindən əhəmiyyətli addımları ilə daha da zənginləşdirir, Böyük Qayıdışı daha da sürətləndirir.

Tarixi Zəfərimizdən sonra ilk səfər 2020-ci il noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə oldu. Dövlət başçısı ilk səfərində bu torpaqların bərpası və yenidən qurulması ilə bağlı tapşırıqlarını verdi. Bu müddət ərzində Cəbrayıl rayonuna gerçəkləşdirilən səfərlərin hər biri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu gün böyük qürur hissi keçiririk ki, dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu torpaqlarımızın işğal deyil, işğaldan azad edildikdəri tarixi qeyd etməyin sevincini bizlərə yaşatdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi fikirlər hər birimizdə böyük qürur hissi yaratdı. Belə ki, “Cəbrayıla xoş gəlmisiniz” müraciətinin ardınca Müzəffər Ali Baş Komandan belə bir əminliyi  ifadə etmişdir ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər.

Soydaşlarımızın bu torpaqlara qayıdışı, eyni zamanda, yüksək həyat şəraitlərinin təmin olunması üçün biri-birindən mühüm addımlar atılır. Hazırda əsas hədəf bütün azad olunmuş ərazilərimizin müasir tələblər səviyyəsində qurulması, Azərbaycan brendi kimi dünyaya səs salan yeniliklərin bu torpaqlarda aparılan işlərdə öz əksini tapmasıdır.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri