Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayır

Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyeva zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətləri, yaratdığı fundamental əsərləri ilə şöhrət qazanmış böyük ziyalıdır. Zərifə xanım Əliyeva tibb elminə və praktikasına, yüksək ixtisaslı tibbi kadrların hazırlanmasına əvəzsiz töhfələr vermişdir. Onun çoxcəhətli elmi fəaliyyətinin nəticələri 130 əsərdə, o cümlədən 5 monoqrafiyada, həkimlər üçün bir sıra dərs vəsaitlərində, sənayenin müxtəlif sahələrində göz zədələrinin profilaktikasına dair metodik tövsiyələrdə öz əksini tapmışdır. Zərifə xanım Əliyevanın oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır.
Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası, məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır. Dünya oftalmologiya elminə töhfələrini verən, yüksək peşəkarlığı ilə şöhrətlənən, böyük qəlbli insan, nəcib qadın Zərifə xanım Əliyeva elm aləmində nadir istedadlı şəxsiyyət kimi tanınır. Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyeva elmə gətirdiyi yenilikləri istedad və zəhməti ilə dünya oftalmologiya elmində möhrünü vuraraq, zaman-zaman öyrəniləcək və tədqiq olunacaq məktəb yaratmışdır. Elmi araşdırmalar apararaq, elmi zəkası ilə gəldiyi qənaət və nəticələri böyük uğurlara yol açmışdır. Qazandığı nailiyyətlər bir şəxsin olmuş olsa da, minlərlə, milyonlarla insan bundan bəhrələnmişdir. Elmi nailiyyətləri Azərbaycan səhiyyəsinin dünyaya nüfuz etməsinə gətirib çıxardı və zəngin bir irsin müəllifinə çevrildi.
Zərifə xanım Əliyeva Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin Memarı və Qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş Dahi Şəxsiyyət Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və etibarlı silahdaşı olmuşdur. Dünya şöhrətli Şəxsiyyət Ümummilli Lider Heydər Əliyev Azərbaycan qadınları haqqında deyirdi: “Azərbaycan qadını mərd, sədaqətli, qeyrətli, namuslu qadındır. Mən dünyanın çox yerini gəzmişəm, dünya qadınlarını görmüşəm, fikrim belədir ki, Azərbaycan qadını bütün dünyadakı qadınlardan gözəldir”. Həqiqətən də Azərbaycan qadınları dünyada yaxşı nə varsa ona layiqdir. İnsanlığa və insanlara qiymət verməkdə mahir, səriştəli olan Müdrik Siyasətçi Ulu Öndər Heydər Əliyev bu cəhətdən də gözəl sədaqətli həyat yoldaşı, peşəkar alim, qayğıkeş ana, mehriban nənə kimi Zərifə xanımı seçimində yanılmamışdır.
Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında belə deyirdi: “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi.”
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı