14 Noyabr 2025

Bölgələrdəki ekoloji tarazlıq mütləq qorunmalıdır

Bölgələrdəki ekoloji tarazlıq mütləq qorunmalıdır, ətraf mühitə böyük diqqət göstərilməlidir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçılarını qəbul edib.

Dövlətimizin başçısı çıxışında bildirib: “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz. Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır – ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət xətti ilə, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Demək olar ki, əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Təbii ki, köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri var. Ancaq bu problem artıq ciddi problem kimi mövcud deyil. Bizim bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun yaradılması güclü potensial yaratmışdır. Magistral yollar tamamilə müasir standartlara cavab verir. Şəhərlərarası yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır. Deyə bilmərəm, hələ ki, biz istənilən 100 faiz nəticəyə çatmışıq, ancaq bir çox bölgələrdə kənd yollarının təqribən 70-80 faizi təmirlidir və keyfiyyətlidir”.

Prezident cənab İlham Əliyev çıxışında qeyd edib: “Yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapsın. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər.”

Yeni təyin olunmuş rəhbərlər, cənab Prezidentin etimadını doğrultmaq istəyirlərsə, kadr seçiminə son dərəcə ciddi yanaşmalı, təmsil olunduqları komandanın nüfuzuna xələl gətirən bütün məsələlərdə prinsipiallıq nümayiş etdirməlidirlər. Bundan ötrü tam sağlam şərait var. Prezident yaxın keçmişdə mövcud olmuş, mərkəzi orqanlar tərəfindən verilmiş qanunsuz tapşırıqları xatırlatdı. İctimaiyyət bilməlidir ki, ortada böyük siyasi iradə var, manipulyasiya və yaxud spekulyasiyaya yer yoxdur.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı