01 Oktyabr 2025

BMT kürsüsündən dünyaya yayılan mühüm mesajlar

Məlumdur ki, ölkəmizin xarici siyasət kursunda bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərinin qurulması prioritet təşkil etməklə yanaşı, beynəlxalq və qlobal təşkilatlarla əməkdaşlığın genişləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu xüsusda dünya siyasətində aparıcı rol oynayan Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq və birgə fəaliyyət xüsusi yer tutur. Yeri gəlmişkən, qeyd edək ki, Ölkəmiz sülhpərvər xarici siyasətə sadiqliyini nümayiş etdirərək BMT-nin təşəbbüsü ilə həyata keçirilən humanitar missiyalarda daim fəal iştirak edir, bu təşkilat çərçivəsində hər zaman ədalətli və obyektiv mövqe sərgiləyir.

Ölkə başçımızın həyata keçirdiyi uğurlu və uzaqgörən siyasətdə də bu prinsipial mövqe mühüm yer tutur. Prezident İlham Əliyevin BMT-nin Nyu-York şəhərində yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə iştirakı Azərbaycanın BMT ilə əlaqələrinin strateji xarakter daşıdığını və beynəlxalq aləmdə nüfuzunun durmadan artdığını bir daha təsdiq etdi. Dövlət başçısı İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir.

Azərbaycanın tarixi Zəfərindən, onun yaratdığı reallıqlardan geniş bəhs edən Prezident İlham Əliyev çıxışında bu məqamı da diqqətə çatdırdı ki, Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi.

Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi. O da qeyd edildi ki, Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur (TRIPP). Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir.

Prezident Donald Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addım kimi dəyərləndirildi. ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi. Beləliklə, BMT Baş Assambleyasının 80-ci sessiyasında cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın haqq mübarizəsinin zirvəsi kimi tarixi əhəmiyyət daşıdı. Bu nitq təkcə diplomatik mövqe deyil, həm də xalqımızın otuz illik ədalət savaşının yekunu, Qələbənin fəlsəfəsi və gələcəyə yönəlmiş mesajı idi.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı