21 Noyabr 2024

BMT Baş katibi Azərbaycanın İrandakı səfirliyindəki terror aktını qətiyyətlə pisləyib

BMT Baş katibi Antoniu Quterreş Azərbaycanın İrandakı səfirliyindəki terror aktını qətiyyətlə pisləyib.

Bunu “Report”un yerli bürosuna açıqlamasında BMT-nin sözçüsü Stefan Düjarrik deyib.

“İlk növbədə öldürülən hərbçinin ailəsinə və Azərbaycan xalqına başsağlığı veririk. Biz İran hakimiyyətinin dərhal araşdırma apardığını və bu istiqamətdə sürətlə hərəkət etdiyini görməkdən şadıq. Bildirmək istərdik ki, diplomatik missiyaya hücum həm də beynəlxalq hüququn açıq-aydın pozulmasıdır”, – sözçü əlavə edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.