08 Sentyabr 2024

Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir

2023-cü il “Heydər Əliyev İli” adlandırılan bu il, Azərbaycanın Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və milli dövlətçilik təfəkkürünün təbliği məqsədilə qeyd edilir. Bu məqsədlə, Ulu Öndərin tematik sitatları ilə bağlı müxtəlif tədbirlər keçirilir. Ulu Öndərin milli dövlətçilik anlayışı və müstəqillik məsələlərinə verdiyi önəm, öz torpaqlarının və hüquqlarının sahibi olmaq arzusu, Azərbaycan xalqının dövlətçilik tarixi kimi mövzular Ulu Öndərin nitq və müsahibələrindən seçilmiş sitatlarla əks olunur.

Heydər Əliyevin 22 sentyabr 1993-cü il Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə çıxışında -“Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq.”, “Gənclərimizin borcudur ki, Azərbaycan daim müstəqil dövlət olsun, Azərbaycan xalqı bir millət kimi dünyada öz yerini tuta bilsin, gələcəyə daha da uğurla gedə bilsin, dünya millətləri, xalqları arasında aşağı səviyyədə durmasın, ümumdünya səviyyəsində olsun.”, “Həm elm sahəsində, həm təhsil sahəsində, ədəbiyyat, mədəniyyət sahəsində və bizim mənəvi mənbəyimiz olan din sahəsində, İslam dini sahəsində tarixi ənənələrimizdən istifadə edərək gənclərimiz üçün bütün dünyaya geniş yol açmaq lazımdır.”

31 avqust 1994-cü il Bakı şəhərinin təhsil işçiləri ilə görüşdən-“Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır.”

11 dekabr 1994-cü il Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin və BMT-nin Beynəlxalq Uşaq Fondu – UNİCEF təşkilatının birgə təşkil etdiyi “Uşaqlar dünyanın sevincidir” xeyriyyə telemarafonu münasibətilə televiziya studiyasında uşaqlarla görüşdə çıxışından-“Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur.”

2 fevral 1996-cı il Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunda nitqindən- “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır.”, “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir.”, “Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir.”, “Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.”

4 mart 1999-cu il Azərbaycan Respublikası Gənclərinin II Forumunda nitqindən- “Gənclərin qarşısında duran vəzifələr birinci növbədə cəmiyyətdə öz yerini tutmaqdan, maariflənməkdən, təhsilini artırmaqdan, cəmiyyət üçün faydalı olmaqdan ibarətdir.”, “Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”

29 dekabr 2000-ci il Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətindən- “Müstəqilliyi elan etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir.”

25 iyun 2002-ci il Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinə təbrikindən- “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmək hər bir Azərbaycan vətəndaşı üçün, hər bir gənc üçün böyük bir iftixar mənbəyidir, şərəfli bir vəzifədir. Orduda xidmət etmiş, öz vətəndaşlıq borcunu yerinə yetirmiş hər bir gənc bizim cəmiyyətdə, həyatımızın bütün sahələrində ən dəyərli insan hesab olunmalıdır.”

8 dekabr 2002-ci il Uşaqların Beynəlxalq Televiziya və Radio günü münasibətilə keçirilən şənlikdə nitqindən- “Çadırlarda doğulmuş uşaqlar gələcəkdə öz torpaqlarının sahibi olacaq, öz torpaqlarında böyüyəcəklər, öz elində-obasında yaşayacaqlar.”, “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır.”

13 oktyabr 2003-cü il Azərbaycan Respublikası Gənclərinin III Forumunda nitqindən- “Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır.”

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı