19 Aprel 2024

Bizi Qələbəyə aparan güclü iradə, Vətən sevgisi, hərbçilərimizin peşəkarlığı idi

Dövlətimizin qətiyyəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində yazılan Zəfər Günündən iki il keçdi. İllər keçdikcə döyüş ruhlu Azərbaycan əsgərinin qəhrəmanlığını, şücaətini daha aydın görür, tarixi Zəfərimizdə Vətən, torpaq sevgisinin rolu hər birimizdə böyük qürur hissi yaradır.

Noyabrın 8-də Qarabağın tacı Şuşada Zəfər Günü münasibətilə təşkil olunan tədbirdə iştirak edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərçilərimiz qarşısında çıxışında bu məqama xüsusi diqqət göstərərək bildirdi ki, hər dəfə Zəfər Yolu ilə Şuşaya yaxınlaşarkən mən və əminəm ki, hər bir insan bir daha hərbçilərimizin qəhrəmanlığını, fədakarlığını, peşəkarlığını görür. Çünki “Zəfər Yolu” adlandırdığımız yol cəmi iki ilə yaxındır ki, çəkilib. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb. Bu tarixi gündən cəmi iki il keçib və iki il ərzində bir çox hadisələr baş verib. İllər keçdikcə hərbçilərimizin qəhrəmanlığı hər kəs üçün daha bariz şəkildə aydın olacaq.

İki ildir 30 il işğal altında olan torpaqlarımız, o cümlədən Azərbaycanın döyünən ürəyi Şuşa azaddır. Şuşa əməliyyatı dastana çevrildi. Mədəniyyət paytaxtımızın azad olması Ermənistanın kapitulyasiya aktını imzalamasında mühüm rol oynadı. Şuşaya gedən yol 27 sentyabr tarixindən başladı. Azərbaycan Ordusunun ilk günlərdən bir neçə kəndi azad etmələri döyüş ruhunu daha da artırdı.  44 günün hər günü tariximizə qələbə səhifəsi kimi yazıldı.

Azərbaycan Ordusu 44 gündə bir gün də geri addım atmadı. “Halbuki, biz dünya hərb tarixindən bilirik ki, belə çətin müharibələrdə, xüsusilə bizim üçün əlverişsiz relyef şəraitində gedən müharibələrdə manevrlər də olur, geriyə addımlar da olur və gözlənilməz hadisələr də olur” söyləyən dövlət başçısı Müzəffər Ali Baş Komandan bildirir ki, ancaq bizi Qələbəyə aparan güclü iradə, Vətən sevgisi, hərbçilərimizin peşəkarlığı idi.

Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edildi. Azərbaycan Ordusunun gücü qarşısında dayana bilməyən Ermənistan silahlı qüvvələri hərbi texnikanı, silah-sursatı qoyub qaçdı.  Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı. Müharibənin ilk günlərindən Ermənistan təşviş içində idi. Məhz buna görə də Ermənistan ordusunda 10 mindən çox fərari oldu.  Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmadı.  Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Hərbçilərimiz “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdi. Müzəffər Ali Baş Komandanın qeyd etdiyi kimi, elə gənc nəsil yetişdi ki, onların bir çoxları Qarabağı, Zəngəzuru heç vaxt görməmişdilər, televiziyalarda, fotoşəkillərdə, valideynlərin, böyüklərin söhbətlərində bu müqəddəs torpağa yaxınlaşırdılar. Ancaq onlar gəldilər və xalqımızın tarixi missiyasını şərəflə yerinə yetirdilər.

Tarixi Zəfərimiz Azərbaycanın hansı imkanlara malik olduğunu dünyaya nümayiş etdirdi.  Azərbaycan son 19 ildə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə möhkəm təməl üzərində uğurla inkişaf edir. 2003-2020-ci illər torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq illəri kimi xarakterizə edilir. Bu illər ərzində ölkəmiz bütün sahələrdə daha da gücləndi.  Azərbaycan Ordusunun 2016-cı il Aprel döyüşlərində, 2018-ci il Günnüt əməliyyatında göstərdiyi qəhrəmanlıq, şücaət torpaqlarımızın işğaldan azad etmək gücünü, qüdrətini nümayiş etdirdi. Azərbaycan Qarabağ münaqişəsinin həlli ilə bağlı möhkəm hüquqi bazanın yaradılmasına nail oldu.  Bütün bu amillərin vəhdətliyi əsasında 30 il işğal altında olan torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev “2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq. Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq” fikirləri ilə o illərin əsas hədəfini açıqladı. 44 günlük İkinci Qarabağ müharibəsində mənfur düşmənə tarixdə heç zaman unuda bilməyəcəyi dərs verildi.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri