22 Dekabr 2024

Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər. Dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb. Sonra parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub. Dövlətimizin başçısı orada xalqa müraciət edib.

Zəfər Günü münasibətilə Azərbaycan xalqını, Azərbaycan Silahlı Qüvvələrini təbrik edən Prezident Vətən uğrunda öz canlarından keçmiş qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyib.

Cənab Prezident İlham Əliyev qeyd edib ki, biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.

Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən hələ 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox.

Biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bundan sonra da təsir etməyəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir.

Bu gün Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq. Şəhərimizin ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı