23 Dekabr 2024

Biz igidlərimizin qanlarıyla tarix yazıb sənə gəldik, vətən!

Müharibə bir millətin, bir nəslin taleyindən keçdi. Uşaqlığımızı, gəncliyimizi, igidlərimizi aldı əlimizdən, analarımıza göz yaşı, gəlinlərimizə nisgilli talelər verdi müharibə. Bu da bir qismətdir, biz mənfurlarla qonşu olmalıydıq, zaman-zaman evlərimizdə işləyib, çörəyimizi yeməli, sonra bizə qənim kəsilməliydilər. Bir əsirdə neçə dəfə qətliamlara, təcavüzlərə məruz qaldıq, amma bağışladıq, axı biz bağışlayan millətik. Lakin unutduq ki, düşmən nə qədər hiyləgər, nə qədər məkrlidir və nəhayət, XX əsrin 80-ci illərində bir daha baş qaldırdılar. Bu dəfə daha da irəli gedərək qədim Qarabağı işğal etdilər, hər ailədə bir faciə yaşandı, uşaqlığımız öldü, gəncliyimiz talandı, milli kimliyimizə göz dikdilər.

Hər millətin vacib anında bir xilaskarı olduğu kimi, bizim də xilaskarımız millətinə sahib çıxdı, Heydər Əliyev ölkəmizi xilas etdi. Onun bünövrəsini qoyduğu siyasi xətlə irəliləyən İlham Əliyev bütün siyasi təzyiqlərə baxmayaraq, 30 ilin həsrətinə son qoydu: BİZ QALİB OLDUQ. Qarabağ öz həqiqi sahiblərinə qayıtdı, viran qalmış yurdlarıyla, dağıdılmış evləriylə, sahibsiz qalmış ormanlarıyla doğma vətən yenə bizə gəldi. Biz igidlərimizin qanlarıyla tarix yazıb sənə gəldik, vətən! Doğma Qarabağ, gözəl Ağdam, qartallar oylağı Laçın, “yaşıl aptek” adlanan Kəlbəcər, igidlər məskəni Qubadlı, musiqi beşiyi Şuşa, xan çinarlar yurdu Zəngilan, biz sizə gəldik! Biz yenidən sizinlə yaşamağa, sizinlə sevməyə, sizinlə dirçəlməyə gəldik. Biz qayıtdıq, Qarabağ, viran qalmış torpaqların da necə gözəldir. Xarabaya çevrilmiş yurdumuzda ulu Dədə Qorqud ocaqları yanacaq yenə, cıdır düzündə igidlərimiz çövkan oynayacaq, İsa Bulağından qız-gəlinlərimiz su gətirəcək yenə. Bu torpağın əsl sahibləri gəldi, vətən, gözün aydın olsun !

Vəsilə Möhsümova – Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi