23 Dekabr 2024

Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib.

Prezident müsahibəsində qeyd etdi ki, İkinci Qarabağ müharibəsinin bitməsindən təxminən iki il sonra Laçın dəhlizi adlandırılan yol işğal vaxtında işləyən qaydada fəaliyyətini davam etdirmişdir. Bir fərq var idi. O, rus sülhməramlılarının nəzarəti altında idi və bu, üçtərəfli Bəyanatın bir hissəsi idi. Fəaliyyətdə dayanma yox idi. Bizim tərəfimizdən müdaxilə etmək addımı da yox idi. Bununla belə, həmin yerdəki vəziyyət dəyişməyə başladı.

Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin dəhlizə müəyyən dərəcədə nəzarət etmək səylərinin səbəbi Qarabağda ötən il noyabrın əvvəlində təbii sərvətlərin yenidən qeyri-qanuni çıxarılması faktı ilə bağlı idi. Müharibədən sonra o dayandırıldı, çünki qeyri-qanuni idi. Bu sərvət bizə məxsusdur. Bir neçə xarici şirkət qızıl və mis mədənlərimizi qeyri-qanuni olaraq istismar edirdilər.

Biz işğal zamanı heç bir şey edə bilmirdik, lakin müharibə başa çatdıqdan sonra aydındır ki, bu fəaliyyət dayandırılmalı idi və dayandırıldı.Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik: siyasi amillərə, bizim hərbçilərimiz üçün bir neçə müdafiə səddinin qırılmasını çətinləşdirən işğal edilmiş ərazilərdə uzunmüddətli infrastruktur layihələrinin olması amillərinə baxmadan. Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi. Yəqin ki, Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər. Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yol idi. Onlar bu qayalı dağlara dırmaşırdılar. Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı