21 Noyabr 2024

Birliyimiz, həmrəyliyimiz daimi olacaq

Taleyin hökmü ilə dünyanın dörd bir yanına yayılmış soydaşlarımızın mütəşəkkil qüvvə kimi formalaşmaq, öz tarixi Vətənləri ilə əlaqələrini sıxlaşdırmaq istəyinin reallığa çevrilməsi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl başladılmış həmrəylik hərakatı ilə bağlıdır. Ulu öndər tərəfindən 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi günü elan edilməsi ən yeni tariximizin mühüm siyasi hadisələrindən biri olmuşdur. Bu birliyin, həmrəyliyin istinad nöqtəsini və ana xəttini azərbaycançılıq ideyası təşkil etmişdir.

Müdrikliklə müəyyən edilən dövlət siyasəti nəticəsində dünya azərbaycanlıları ilə əlaqələr inkişaf etdirilmiş, xarici ölkələrdə diaspor təşkilatlarının formalaşdırılmasına kömək göstərilmiş, soydaşlarımızın tarixi Vətənlə bağlarının gücləndirilməsinə nail olunmuşdur. Bakıda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, xaricdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət qurumunun yaradılması sayına və intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın mütəşəkkil qüvvə kimi formalaşmasına güclü təkan vermişdir.

Dövlət müstəqilliyimizlə yaşıd olan bu proses sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, diaspor siyasəti vahid dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

Xalqımız 30 il ərzində Qarabağın işğaldan qurtarılacağı, doğma torpaqlarımıza qayıdacağımız günün həsrəti ilə yaşamışdır. Artıq bu həsrətə son qoyulmuş, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının Qarabağı azad, Vətəni bütöv görmək kimi müqəddəs arzusu gerçəkləşmişdir. Bu imkanı xalqımıza müzəffər Ali Baş Komandan İlham Əliyev və yenilməz ordumuzla bərabər dünya azərbaycanlılarının birliyi qazandırmışdır.

Bu gün Cənubi Qafqazın lider dövləti kimi bu bölgənin geosiyasi mənzərəsinin müəyyənləşməsində söz sahibi olan Azərbaycan Respublikası dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır. Son illərdə Azərbaycanın hərtərəfli və ardıcıl inkişafı, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda qazandığı uğurlar onun dünyadakı nüfuzunu daha da artırmışdır.

Dövlətimizin uğurları dünya azərbaycanlılarını qəlbən sevindirir, soydaşlarımızı ümumxalq mənafeləri naminə daha sıx birləşməyə, ümid və istinad yeri, ata-baba yurdları olan doğma Vətənin tərəqqisində fəal iştirak etməyə ruhlandırır. Son vaxtlar diaspor və icmalarımızın daha da inkişaf edib möhkəmlənməsi, soydaşlarımızın siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işinə yaxından cəlb olunmaları da sevindiricidir.

Azərbaycan Respublikasının dünyanın qabaqcıl və inkişaf etmiş ölkələri sırasında, azadlıq və firavanlıq şəraitində daim irəliləməsi xalqımızın birliyindən çox asılıdır. Bu birliyin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlılarının mütəşəkkil qüvvəyə çevrilməsi üçün görəcəyimiz işlər də az deyil.

Musa Mursaquliyev

Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru