Birlikdə güclüyük: Müstəqillik sevinci

26 may 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin, Ağstafa Gənclər evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə “28 May – Müstəqillik günü” münasibətilə “Birlikdə güclüyük: Müstəqillik sevinci” adlı tədbir keçirilib.
Tədbirdən əvvəlcə məktəblilərin əl işlərindən ibarət sərgiyə baxılıb.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev geniş məruzə ilə çıxış edərək qeyd edib ki, cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.
Daha sonra çıxış edən natiqlər də bildiriblər ki, 107 il bundan əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddaratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanması, daimi və əbədi olması bundan da çətindir” fikrini söyləyən dahi rəhbər Heydər Əliyevin hakimiyyəti dövründə müstəqilliyimizin qorunub möhkəmləndirilməsi üçün ən vacib tədbirlərə əl atıldı. Mühüm siyasi-iqtisadi islahatlara başlandı və müstəqil dövlətçiliyin inkişafına maneə törədən daxili və xarici qüvvələrə qarşı kəskin mübarizə aparıldı. Zəngin idarəçilik bacarığı olan dahi dövlət xadimi ölkəmizin bütün sahələrinin inkişaf etdirilməsinə nail oldu, siyasi-iqtisadi münasibətlər sistemində müasir inkişafın bünövrəsini yaratdı.
Sonra Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbin və 1 saylı Körpələr evi – Uşaq bağçasının şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya təqdim edilib.

