Birlik mesajı
“Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir.” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 10 dekabr 2020-ci il tarixdə Bakının Azadlıq meydanında keçirilən Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradındakı çıxışında söylədiyi bu fikirlər paradın özəlliyinə daha bir əlavə etdi. 44 günlük İkinci Qarabağ müharibəsinin ilk anından dünyaya “Azərbaycan tək deyil” çağırışını edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında da dövlət başçısı İlham Əliyevin yanında olması, paradı birgə qəbul etmələri beynəlxalq ictimaiyyətə ünvanlanan daha bir mesaj oldu.
Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisə oldu. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürü idi.
Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur.
Zəfər paradı Azərbaycanın hərbi gücünün və tarixi Zəfərimizin bir daha dünyaya nümayişi oldu. Bu parad dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən “Dəmir yumruq” əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü idi.
30 illik işğala 44 gündə son qoyulması Azərbaycanın malik olduğu imkanların göstəricisidir. Xalqımız 30 il torpaq həsrəti ilə yaşasa da bir an da belə ümidini itirmədi və tam əmin idi ki, dövlətimizin qətiyyəti, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, ərazilərimiz cənnət məkana çevriləcək, soydaşlarımız öz dogma yurd-yuvalarına qayıdacaqlar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradındakı çıxışında “Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir” fikirlərinin davamı olaraq onu da bildirdi ki, Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq.
Zəfər paradından ötən üç il həm ölkəmizin həyatında, həm də dost, qardaş Türkiyə ilə münasibətlərimizdə mühüm uğurlarla yadda qalıb. Hazırda azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız dogma yurd-yuvalarına qovuşduqları üçün sevinclidirlər. Mərhələli şəkildə həyata keçirilən qayıdışın ünvanları Ağalı, Talış, Zabux kəndləri, Füzuli və Laçın şəhərləridir.
İşğaldan azad edilmiş ərazilərimizdə ən mühüm hadisələr Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə qeyd edilib. Belə ki, onların birgə iştirakı əsasında Qarabağın və Şərqi Zəngəzurun hava qapıları dünyaya açıldı. Zəngilanda iki dost, qardaş ölkənin birgə investisiya layihəsinin icrasına başlanıldı. 2021-ci il 15 iyun tarixində Azərbaycanın döyünən ürəyi, bütün türk dünyasının mədəniyyət paytaxtı Şuşada Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilməsi oldu. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafı üçün yol xəritəsi kimi dəyərləndirilir.
Bugünümüzün reallıqları dövlət başçısı İlham Əliyevin Zəfər paradındakı çıxışında səsləndirdiyi bu fikirlərin təsdiqidir: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var.”
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri