22 Dekabr 2024

“Bir millət iki dövlət” şuarı çərçivəsində əlaqələrimiz inkişaf etdirilir

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu rəşadətli Zəfər qazanaraq 30 illik işğala son qoymaqla beynəlxalq ədaləti bərpa etməsi böyük bir coğrafiyada əməkdaşlıq, qarşılıqlı faydalı münasibətlər kontekstindən yeni mənzərə yaradıb. Bu siyasi təntənənin təməlində Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlıq, Liderlərimizin birgə qərarları və davamlı olaraq həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr dayanır. Yaranmış yeni münasibətlər sferası özündə iki mühüm amili ehtiva edir: əvvəla “3+3” formatında əməkdaşlıq təşəbbüsü region dövlətlərinin hamısı üçün bərabərhüquqlu inkişaf imkanları yaradıb və dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən dəstəklənir. İkincisi, mövcud vəziyyət türk dünyasının, onun inteqrasiya və birliyinin tərəfdarı olan dövlətlərin münasibətlərində kompleks inkişaf üçün cəlbedicilik formalaşdırıb. Hər iki vəziyyət qarşısıalınmaz proseslər kimi dinamik inkişafdadır.

Ötən əsrin sonlarından başlayaraq bütün dünyanı təhdid edən münaqişələrin baş verməsi, onların dondurulmasına edilən cəhdlər və həllinə törədilən əngəllər müasir dövrdə daha böyük təhlükələrin meydana çıxmasına zəmin yaratdı. Bütün dövrlərdə böyük dövlətlərin maraqlarının toqquşduğu Anadolu və Qafqazda isə hazırda tamamilə fərqli bir mənzərənin şahidi olmaqdayıq. Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələr regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır.

Fəxrlə deyə bilərik ki, hazırda bölgəmiz bütün dünyada ikitərəfli və çoxşaxəli münasibətlərə örnək bir regionuna çevrilib. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.

Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, sonra Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı, cari ilin 25 sentyabr tarixində Naxçıvana səfər etməsi bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi əbədi və dönməzdir. Bu qardaşlıq və müttəfiqlik Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın polad kimi möhkəm liderlik iradəsindən qaynaqlanan davamlı birlik və inkişaf strategiyasının təntənəsidir.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi