22 Dekabr 2024

Beynəlxalq arenada müstəqil siyasət yürütməyə davam edəcəyik

Məlumdur ki, Ölkə Prezidenti cənab İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələr beynəlxalq ictimaiyyətə Azərbaycanda və Cənubi Qafqazda gedən proseslər, Azərbaycan-Ermənistan münasibətlərinin mövcud vəziyyəti və bir çox digər aktual məsələlər barədə məlumatları birbaşa regionun lider dövlətinin birinci şəxsindən almaq imkanı verir. O cümlədən möhtərəm dövlət başçımızın cari ilin dekabr ayının 9-da “Euronews” telekanalında yayımlanan müsahibəsində də Azərbaycanda müşahidə olunan ciddi iqtisadi inkişafın əsasları, növbəti illər üçün müəyyən edilən istiqamətlər, regional əməkdaşlıq perspektivləri və digər önəmli məsələlər barədə ətraflı açıqlamalar yer almışdır. İlk növbədə cənab Prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişafının əsasında duran amillər barədə sualı cavablandıraraq bildirdi ki, bu inkişafın əsasında nə sanksiyalar altında olan Rusiya ilə bağlı proseslər, nə də Çin ilə biznes əlaqələri durmur. Azərbaycanda müşahidə olunan dinamik iqtisadi inkişaf birbaşa cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş islahatlar nəticəsində əldə olunmuşdur. Həmçinin hökumətin növbəti illər üçün bu sahədə siyasəti barədə açıqlama verən dövlət başçımız bildirdi ki, əsas büdcə xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Azərbaycan hökuməti 2026-cı ilin sonunadək 140 min insanı həmin ərazilərdə yerləşdirməyi planlaşdırır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır. Digər tərəfdən də, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var və bu istiqamətlər dövlət investisiya proqramının əsas sahəsi olacaq.

Müxbir son iki ildə Avropada ən çox müzakirə olunan mövzulardan birinin məhz enerji təchizatı ilə bağlı olduğunu vurğulamaqla, Azərbaycanın bu məsələdə mövqeyinin önəmini bir daha önə çəkmiş oldu. Avropanın şərqində davam edən müharibə və bir çox digər səbəblər bu qitədə enerji təhlükəsizliyi məsələsinin hələ uzun müddət əsas gündəmlərdən biri olaraq qalacağını deməyə əsas verir. Bu səbəbdən də Azərbaycanın və əlbəttə ki, şəxsən cənab Prezident İlham Əliyevin mövqeyi Avropa ictimaiyyəti üçün vacib önəm kəsb edir. Bu xüsusda müxbirin sualını cavablandıran dövlət başçısı ilk növbədə bildirdi ki, Azərbaycanın enerji sahəsinin əsas inkişaf istiqaməti artıq neft hasilatından təbii qaz istehsalına keçid etsə də, bizim neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsi olaraq qalır. 2020-ci ildə Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılması ilə Azərbaycan özünün qaz təchizatının coğrafiyasını genişləndirdi. Bu gün artıq ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edir. Həmçinin Macarıstan və Serbiya ilə müqavilələr imzalanıb və Albaniya da Azərbaycan qazının paylanılmasına dair planlara daxildir. Bununla belə Azərbaycan qazına olan tələbat hələ də artmaqdadır. Buna görə də Azərbaycan hökuməti Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verdi. Eyni zamanda da cənab Prezident bu gün ölkəmizdə bərpaolunan enerji sahəsində də iri miqyaslı çalışmaların aparıldığını diqqətə çatdırdı. Qeyd olundu ki, artıq 10 qiqavat həcmində külək və günəş enerjisi layihələrinə dair müqavilə və anlaşma memorandumları imzalanıb. Bu, bir tərəfdən Azərbaycana yanacaq enerjisindən bərpaolunan enerjiyə rahat keçid imkanı verəcək və digər tərəfdən də Avropa istehlakçılarının da yaşıl enerji ilə təminatına zəmin yaradacaq.

Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu, xüsusilə Avrasiya məkanında cərəyan edən hadisələrə getdikcə daha çox təsir imkanları əldə etməsi beynəlxalq ictimaiyyətin də diqqətindən kənarda qalmır. Bu diqqət və maraq özünü “Euronews”un müxbirinin verdiyi növbəti suallardan birində özünü bir daha qabarıq şəkildə büruzə verdi. Bu sualı cavablandıran cənab Prezident ölkəmizin beynəlxalq arenada strategiyası barədə konkret açıqlama verərək bildirdi ki, Azərbaycan bundsn sonra da müstəqil siyasət yürütməyə davam edəcək. Qeyd edək ki, Azərbaycanın xarici siyasət kursu ilə aparıcı dünya dövlətlərinin maraqlanmaları təbiidir. Ölkəmiz artı dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bir çox üzv ölkənin – 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır. Həmçinin Azərbaycanın Avropa təsisatları ilə münasibətlərinin müsbət dinamikası var. Xüsusilə enerji layihələri ilə bağlı qeyd olunmalıdır ki, Avropa Azərbaycandan bu sahədə dəstək istədikdə ölkəmiz bu dəstəyi ən yüksək səviyyədə göstərmişdir. Eyni zamanda Azərbaycanın müsəlman ölkələri ilə münasibətləri həmrəylik və tərəfdaşlıq nümunəsidir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri hesab olunur. Bütün bu məqamları öz açıqlamasında ətraflı qeyd edən cənab Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin həmişə kiməsə dəstək lazım olduqda ona dəstəyin göstərilməsinə və bütün ölkələrə dost münasibətin nümayiş etdirilməsinə hədəfləndiyini diqqətə çatdırdı.

Sülh sazişinin imzalanması prosedurunun gecikməsi sırf Ermənistan tərəfinin vaxtı uzatması ilə bağlıdır. Ermənistan sentyabrın 11-də onlara təqdim olunmuş bir neçə səhifədən ibarət mətn layihəsini iki ay yarım ərzində nəzərdən keçirib. Bu da o deməkdir ki, rəsmi İrəvan süni olaraq prosesi ləngitmək istəyir. Buna görə də ilin axırına qədər sülh sazişinin imzalanması artıq mümkün görünmür. Lakin cənab Prezident İlham Əliyevin dediyi kimi, bu məsələdə zaman amili o qədər də vacib deyil. Vacib olan hər iki ölkənin gündəliyidir. Hazırda müxtəlif rəsmilər arasında və fərqli kanallar vasitəsilə işçi səviyyədə təmaslar mövcuddur. Ən əsası da budur ki, sülh üçün başqa bir alternativ yoxdur. Dövlətimizin başçısı sülh sazişi imzalanmayacağı təqdirdə, bunun bütün region üçün yeni risklər doğuracağını deməklə, Ermənistana növbəti sülhə çağırış mesajını göndərdi. Cənab Prezident bir daha bildirdi ki, məhz Azərbaycan, işğaldan və etnik təmizləmədən əziyyət çəkən tərəf olmasına baxmayaraq, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə oldu. Bu gün Qarabağ məsələsi bitdikdən sonra Ermənistan Azərbaycanla razılığa gəlməkdə daha çox təşəbbüs göstərməlidir. Çünki Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana danışıqlara getməyə mane olan əsas amil də aradan qaldırılmış oldu.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi