03 Dekabr 2024

Bəşər tarixinin ən tanınmış həkimləri kimlərdir?

Həkimlik ən şərəfli peşələrdən biridir. Həkim adlandırdığımız bu şəxslər hələ tarixin qədim mərhələlərindən etibarən formalaşmaqdaydı. Bəs, maraqlıdır, tarixin ən tanınmış həkimləri kimlərdir?

Hippokrat

“Təbabətin atası”adlandırılan Hippokrat ən tanınmış qədim yunan həkimi olmuşdur. O, həm də təbabətdə əxlaq məsələlərinə toxunaraq hər bir həkimin davranış qaydalarına diqqət yetirirdi. Ona görə, “Hippokratın andı”nda hər bir həkimin riayət edəcəyi əxlaqi məsələlər öz əksini tapmışdır. Hippokrat artıq çəkini istənilən xəstəliyin mənbəyi hesab edirdi və  ilk növbədə istisnasız bütün xəstələrə aclıq pəhrizini məsləhət görürdü. Aloye Hippokratın sevimli bitkisi idi. Bəzi xəstəliklərin tərifini ilk dəfə məhz  Hippokrat vermişdi.  Bu, “xəstə barmaqlar” xəstəliyi idi.  Digər xəstəliklərdən “ağciyər xərçəngi”, “ağciyər iltihabı”, “siyanotik ürək xəstəliyi” və s. idilər.

İbn Sina

İbn Sina Yaxın və Orta Şərqin məşhur təbibidir.. İbn Sinanın yazdığı “Təbabət elminin qanunu” kitabı Avropa tibb məktəblərində uzun müddət yeganə tibb dərsliyi kimi tədris olunur. Bu kitabda insan anatomiyasından tutmuş bir çox xəstəliklər, səbəbləri, müalicə və profilaktikası, həmçinin daxili xəstəliklər, göz və dəri, uşaq xəstəlikləri, cərrahi metodlar, müxtəlif məsləhətlər verilib. Xəstəliklərin etimologiyasına aid biliklərin, insanın naturasına, həyat tərzinə uyğun xəstəliklərə yoluxması hallarının özünəməxsus şəkildə izahatı, onun tibb aləmində bu günədək tətbiq olunması İbn Sinanın təbabətə verdiyi ən böyük töhfələrdəndir. O yazırdı ki, insan öz sağlamlığını qorumaq üçün müxtəlif faktorlara uyğunlaşmalıdır:

Düzgün qidalanmalıdır.
Geyiminə fikir verməlidir.
Burun vasitəsilə düzgün nəfəs almalıdır.
Bədən quruluşunu həmişə düzgün formada saxlamalıdır.
Xasiyyətini tarazlamalıdır.
Bədənini “lazımsız tullantılardan” təmizləməlidir.
Fiziki və əqli aktivliyinə diqqət yetirməlidir.

Qalen

Qalen dövrünün məşhur həkimi kimi tanınıb. Qalen Roma əsilzadələrini müalicə edib və imperator Mark Avrelinin saray həkimi kimi uğur qazanıb. Qalen bir çox xəstəliklərin təsnifatını verib, onların müalicə yollarını araşdırıb, təbabət və anatomiya üzrə çoxlu bilgilər əldə edib. Onlardan Avropa təbibləri 1300 il faydalanıblar. O, həmçinin farmakologiya elminin əsaslarını qoyub. Qalenin əsərləri müsəlman dünyasında təşəkkül tapmış təbabət elminin də inkişafında əhəmiyyətli rol oynayıb.

Robert Kox

Bu məşhur həkim infeksion xəstəliklərin müalicəsi üzrə xeyli təcrübə toplayıb. Xüsusilə də vəba xəstəliyi ilə mübarizədə bir sıra mühüm elmi yeniliklər əldə edib. O, Volşteyn şəhər xəstəxanasında həkim kimi fəaliyyət göstərərkən Sibir xorasının müalicəsi ilə bağlı xeyli elmi-təcrübi eksperimentlər aparıb. Bu xəstəliyin iribuynuzlu mal-qara arasında yayıldığını aşkarlayıb, nəticədə ağciyərin kəskin formada iltihab keçirdiyi qənaətinə gəlib.

“Patogen orqanizmlərin öyrənilmə metodları” adlı elmi iş nəşr etdirib. Bu əsərdə bakteriyaların yetişdirilməsi üçün bir sıra yeni elmi üsullar təqdim olunub. 1882-ci ildə isə o, vərəm xəstəliyini törədən bakteriyanı (vərəm çöpünü) aşkar edib. Kox vərəmin müalicəsi ilə bağlı tədqiqatlarını davam etdirib, beləliklə, tuberkulin adlı yeni maddə aşkarlayıb. Bu maddə vərəm mikroblarından alınırdı və vərəm xəstəliyinin müalicəsində istifadə zamanı müsbət nəticələrə gətirib çıxarırdı.

Lui Paster

O, quduzluğa qarşı vaksin kəşf edib və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını verib. Pasterin xəstəliklərin qarşısının alınması üçün Pyer Roksla apardığı araşdırmalar nəticəsində peyvənd hazırlanmışdı. Paster bu üsulu ilk olaraq dovşanlar üzərində sınamışdı. Daha sonra peyvəndin quduzluq xəstəliyinə təsirini araşdırmaq üçün 11 itlə sınaq keçirdi. 6 iyul 1885-ci ildə quduz bir it tərəfindən dişlənilən 9 yaşlı Cozef Meisterə quduz peyvəndi tətbiq edərək onu sağaltdı.

Ceyns Parkinson

Sinir sistemi xəstəliyini dünyaya tanıtdırmaqla tarixə düşüb. Parkinson xəstəliyindən əziyyət çəkən insanların “zehni pozğunluq” kimi halların 50-60 yaşında ortaya çıxdığını və xəstənın əzələlərin sərtliyi səbəbindən ümumi bir yavaşlama yaşadığını ortaya qoyub. Kəşf etdiyi sinir xəstəliyi məhz onun adı ilə elmdə Parkinson xəstəliyi kimi tanınıb.