Bəşər Əsəd Azərbaycana elə PİSLİKLƏR EDİB Kİ… – AÇIQLANDI
Ekspert: “Əsəd rejimi bütün düşmənçilikləri etdi, tək birindən başqa…”
Suriyadakı məsələlərlə bağlı Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında telefon danışığı olub, Suriya xalqına təbriklər çatdırılıb. Musavat.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Hikmət Hacıyevin sözlərinə görə, Suriyada Əsəd rejiminin çökməsindən sonra Azərbaycan ümid edir ki, Suriyada sabitlik bərpa olunacaq: “Biz eyni zamanda ona da ümid edirik ki, Azərbaycanla Suriya arasında normal münasibətlər formalaşacaq, dostluq münasibətləri zəminində ikitərəfli əlaqələr inkişaf edəcək”.
Prezidentin köməkçisi Suriyadakı əvvəlki rejimin bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana problem yaratdığını xatırladıb: “Suriya Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar olan məsələlərdə qeyd-şərtlə çıxış edirdi. Hətta İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində İslam həmrəyliyinə ziddi xarakter daşıyan açıqlamalar olurdu”.
Siyasi şərhçi, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Hikmət Hacıyevin mövqeyi həqiqəti əks etdirir: “Bəşər Əsəd hakimiyyətdə olduğu illərdə Azərbaycana bacardığı bütün düşmənçilikləri etdi. Azərbaycana dost olmayan ölkələrlə-İran və Hindistanla qardaşlıq etdi, beynəlxalq təşkilatlarda Azərbaycanın Ermənistana qarşı təşəbbüs etdiyi sənədləri blokladı, Ermənistanla açıq-aşkar müttəfiqlik etdi, Azərbaycanın yaxın dostları və tərəfdaşı olan Türkiyə, Pakistan və İsrailə qarşı düşmənçilik apardı. Əsəd rejimi tək bir düşmənçiliyi edə bilmədi. Əminəm ki, onun gücü çatsaydı və bacarsaydı, qondarma “DQR”in tanınmasına da gedəcəkdi. Əsədi bu addımdan kim və nə çəkindirdi? Axı başqa separatçı rejimlər olan Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini tanımışdı”. Bəs bunu Qarabağda niyə edə bilmədi? Təsadüf deyildi və burada Əsədin əl-qolunu bağlayan kəskin arqumentlər var idi – Türkiyədən qorxu, Ermənistanın özü qondarma qurumu tanımamışdı, Rusiyadan qondarma “DQR”i tanımaq sifarişi almadı, İsrailin Azərbaycanla isti münasibətləri… Beləliklə. Əsəd Azərbaycana bacardığı bütün düşmənçilikləri etdi, tək bir düşmənçiliyi etməyi isə sadəcə bacarmadı”.
A.Quliyev hesab edir ki, Bəşər Əsəd Suriya xalqının mühakiməsinə verilməlidir: “”Sedneya” həbsxanasının əslində kütləvi yeraltı qətl konveyeri olduğunu sübut edən kadrlara baxdıqca, bir daha əminlik yaranır ki, Əsəd manyak bir qaniçən imiş, onun insanlığa qarşı cinayətləri bağışlanmazdır. Əsədi bu gün himayə edənlər onun böyük cinayətlərinin ortağına çevrilirlər. İnsanları həbsxanada elektromişarla doğramağın adı nədir? Belə bir qaniçəni himayə edənlərə necə haqq vermək olar?! Əsəd Şama qaytarılmalı, Suriya xalqının ədalət mühakiməsinə verilməlidir. Putinin Əsədi himayə etdiyi hər bir gün onun özü üçün çətinlik yaradır və yaradacaq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”