Berlindəki “Xilaskar əsgər” abidəsinin gerçək qəhrəmanı – o, azyaşlı alman qızını güllə yağışından xilas edib
Müharibələr yeni tarix yaradır. Həmin tarixləri əbədiləşdirmək üçün filmlər çəkilir, kitablar yazılır, memorial komplekslər salınır, abidələr ucaldılır. Qaliblər isə bu məsələdə daha fəal olurlar. II dünya müharibəsindən qalib çıxan SSRİ-də də tarixin əbədiləşdirilməsi Kreml üçün önəmli məsələlərdən biri olub…
Alman faşizmi üzərində qələbədən sonra Kliment Voroşilov İosif Stalinə Berlin uğrunda gedən döyüşlərdə həlak olmuş sovet əsgərlərinin xatirəsinin əbədiləşdirilməsi üçün Berlində memorial kompleksin salınması ilə bağlı təklif verib. Stalin təklifi bəyənib və layihənin hazırlanması üçün Mərkəzi Komitədə xüsusi komissiyanın yaradılması ilə bağlı sərəncam imzalayıb.
Komissiyaya 33 layihə təqdim edilib. Onların arasından Voroşilovla dost münasibətində olan, tanınmış rəssam-heykəltəraş, sonralar 1 dəfə Lenin, 5 dəfə Stalin mükafatı laureatı olan Yevgeni Vuçetiçin layihəsi qəbul olunub. Bu qərardan sonra Stalin rəssam-heykəltəraşı qəbul edib. Yevgeni Vuçetiç Stalinin kaprizlərinə bələd olduğundan iki layihə hazırlayıb. O, əvvəlcə Stalinə birinci layihəni təqdim edib və izahat verib:
– Yoldaş Stalin, layihədə nəzərdə tutulub ki, kompleksin mərkəzində sizin əlinizdə qlobus tutduğunuz vəziyyətdə abidəniz ucaldılsın. Bununla biz dünyaya bəyan edəcəyik ki, siz dünyanı faşistlərdən xilas etmisiniz.
Stalinin onun izahatını yarımçıq kəsib:
– Saxlayın izahatınızı, siz bu bığlı kişidən yorulmadınız? Dünyanı faşistlərdən sovet ordusunun əsgərləri xilas edib. Mən bu təklifinizi qəbul etmirəm.
Yevgeni Vuçetiç dərhal ikinci layihəni Stalinin masasının üstünə qoyub, növbəti izahata başlayıb. Bu layihədə bir əlində avtomat tutan, digər əli ilə azyaşlı alman qızını sinəsinə sıxan əsgərin abidəsi əksini tapıb. Bu Stalinin xoşuna gəlib. Amma kiçik düzəliş edib, əsgərin əlində avtomat əvəzinə aşağı salınmış qılıncın olmasının daha məqbul olduğunu bildirib.
Yevgeni Vuçetiçin layihəsinin bəyənilməsi heç də təsadüfi olmayıb. Belə ki, Berlin uğrunda gedən döyüşlər zamanı (16 aprel – 2 may 1945-ci il) Yevgeni Vuçetiç plakat hazırlamaq üçün Berlində olub. Aprelin 30-da şəhər uğrunda gedən döyüşlərdə baş verən bir hadisə onun diqqətindən yayınmayıb. Qızğın küçə döyüşlərində sovet ordusunun serjantı Nikolay Masalov döyüşən tərəflər arasında qalan ərazidə kiçik bir qız uşağının ağlamaq səslərini, “mutti-mutti” (“ana-ana”) deyə qışqırtısını eşidib. Masalov həmin an komandirinə yaxınlaşaraq uşağı xilas etmək istədiyini bildirib. Komandir bunun mümkün olmadığını söyləsə də, serjant sürünürək səs gələn tərəfə istiqamət alıb. Güllə yağışının altından keçən Masalov körpünün altında qızı tapıb. Qızın anası almanlar tərəfindən arxadan güllələnib, qız isə anasını qucaqlayaraq yardım diləyib. Milliyyətcə alman olan ana qızını götürüb təhlükəsiz yerə qaçmaq istəyəndə elə almanların gülləsinə tuş gəlib. Masalov qızı qucağına alaraq geriyə dönüb. Hər saniyə ölüm təhlükəsi ilə üz-üzə gəlmək ehtimalı olduğundan o əsgər yoldaşdaşlarına səslənib:
– Məni güllərlərdən qoruyun, faşistləri susdurun…
Sovet döyüşçüləri əsgər yoldaşlarını qorumaq üçün atəşi intensivləşdiriblər. Masalov ayağından yaralansa da qızı sanitarlara təhvil verə bilib.
Bu hadisəni eşidən Yevgeni Vuçetiç serjant Masalovu tibb məntəqəsində tapıb. Elə həmin qarışıq məqamda onun cizgilərini ağ kağıza köçürüb. Məqsəd müharibə mövzusunda hazırlanacaq növbəti plakatda xilaskar serjantın əksini yaratmaq olub.
Müharibə sona çatıb, hamı kimi Masalov da SSRİ-yə, öz doğma yurduna, Kemerovo vilayətinin Tusilski rayonuna qayıdıb.
Yevgeni Vuçetiç Berlində yaradılacaq memorial kompleksdə məhz serjant Masalovun abidəsinin ucaldılmasını nəzərdə tutub.
1945-ci ilin sonlarında layihənin icrasına başlanılıb. Vaxtın məhdudluğundan Vuçetiç Masalovu axtarmayıb. Nə vaxtsa onun kağıza köçürdüyü cizgilərindən istifadə edib. Bununla yanaşı, o, Berlində sovet komendaturasında xidmət edən əsgər İvan Odarçenkonun Masalova bənzətdiyindən saatlarla onu öz emalatxanasında saxlayıb.
Vuçetiç xilas olunan kiçik alman qızını da axtarmağa cəhd etməyib. Alman qızının daşlaşmış obrazını yaratmaq üçün o, Berlinin komendantı general Kotikovun üç yaşlı qızı Svetlana ilə saatlarla üz-üzə qalmaq məcburiyyətində qalıb.
Hündürlüyü 12 metr, çəkisi 70 ton olan abidə Leninqradda hissə-hissə hazılanaraq Berlinə daşınıb. Memorial kompleks Berlin şəhərinin şərqində yerləşən Treptov parkında salınıb. Kompleksin mərkəzində ucaldılan abidə “Xilaskar əsgər” abidəsi adlandırılıb. 1949-cu ilin may ayının 8-də kompleksin təntənəli açılış mərasimi olub.
Həmin vaxtlar “xilaskar əsgər”in kim olduğunu, yaxud da həqiqətən də belə bir şəxsin olduğunu çoxları bilməyib. Yalnız 1964-cü ildə marşal Vasili Çuykovun “Krasnaya zvezda” qəzetində serjant Masalovla bağlı dərc edilən məqaləsindən sonra alman və sovet jurnalistləri qəhrəmanı axtarıb tapıblar. Nikolay Masalov Moskvaya və Berlinə dəvət olunub, ona “Berlinin fəxri vətəndaşı” adı verilib, haqqında “Əfsanə adam” sənədli filmi çəkilib.
“Xilaskar əsgər” müharibədən sonra sadə həyat tərzi sürüb. Heç vaxt müharibə xatirələrindən, alman qızını xilas etməyindən danışmayıb. Müsahibələrində “hər bir sovet əsgəri belə edərdi” deyə təvazökarlıq nümayiş etdirib. Bəlkə də uşaqlara olan sonsuz sevgisindəndir ki, Masalov sonrakı həyatını da uşaqlara bağlayıb, o, uşaq bağcasında təsərrüfat işləri üzrə müdir müavini vəzifəsində çalışıb. Ağır müharibə həyatı görən Masalovun dinc həyatda günləri çox da xoş keçməyib. Həyat yoldaşı uzun illər yataq xəstəsi olub, qızı isə alkoqolizmdən əziyyət çəkib. Amma bu çətinliklərə baxmayaraq Masalov yardım üçün heç kimə müraciət etməyib. O, 2001-ci ildə 79 yaşında vəfat edib.
İlham Cəmiloğlu, Musavat.com