28 Mart 2024

Bərk məişət tullantısı problemi ölkəmizdə illərdir müzakirə edilir

Bərk məişət tullantısı problemi ölkəmizdə illərdir müzakirə edilir. Bu problem rayon və qəsəbələrdə, kəndlərdə özünü qabarıq şəkildə büruzə verir.

Tullantı əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşya, maddə və materiallar toplusudur. Tullantıların idarə edilməsi sisteminin təşkili zamanı təkrar xammal əldə etmək mümkündür ki, bu da, öz növbəsində, ekoloji və iqtisadi baxımdan əhəmiyyətlidir. Ən əsası isə təkrar emal təbii resurslardan istifadəni minimuma endirir.

Bərk məişət tullantılarının idarəolunma prinsipləri:

1.BMT-nın əmələ gəlmə həcmlərinin azaldılması

2.Çeşidləmə

3.Təkrar emal

4.Enerji bərpası

5.Utilizasiya

Tullantılar müxtəlif kateqoriyalar üzrə təsnif olunur. Məsələn, istehsal (sənaye) və istehlak (kommunal-məişət) tullantıları. Təkrar istifadəyə yararlı tullantılara biotullantılar, polietilen, metal, şüşə, kağız, karton və s. daxildir. Biotullantılara əsasən qida qalıqları, quru və ya xarab olmuş məhsullar, meyvə və tərəvəzlərin qabıqları aiddir. Makulaturaya isə qəzet və jurnallar, ofis kağızları, yumşaq cildli kitablar və s. daxildir. Lakin sadalanan tullantıların bir çox növləri də var ki, təkrar istifadəyə yararlı hesab edilmir.

Təhlükəli tullantılara sənaye və tibbi tullantılar aiddir. Məişət tullantılarının müəyyən qismi də təhlükəli ola bilər. Bu tip tullantılar əsasən aşındırıcı, oddan təhlükəli və ya partlayıcı olur. Təhlükəli tullantı kimi təsnif olunan məişət tullantılarına köhnə batareyalar, qutalin (ayaqqabı mazı), boya qabları, köhnə dərmanlar və dərman butulkaları və s. daxildir. Kimyəvi preparatlardan ibarət tullantılar da təhlükəli hesab olunur.

Üzvi (bitki və ya qida qalıqlarından əmələ gələn) tullantıları isə bioloji kompostlama və çürütmək yolu ilə emal etmək mümkündür. Əldə olunan üzvi maddədən gələcəkdə çürüntü və ya kompost (üzvi gübrə) kimi bağçılıqda və kənd təsərrüfatında istifadə edilə bilər.Azərbaycanda bərk məişət tullantılarının tərkibi Poliqonlara gələn tullantıların əsas hissəsini məişət (90% qədər), qalan 10% isə məişət tullantıları ilə birgə basdırılmasına icazəsi olan istehsalat tullantıları təşkil edir. Tədqiqatların orta hesablama göstəricilərinə görə poliqonlara yerləşdirilən bərk məişət tullantıların morfoloji tərkibi (%) aşağıdakı kimidir: Kağız, karton – 38.0 Qida tullantıları – 30.0 Ağac – 1.5 Parçalar – 5.5 Dəri, rezin – 1.3 Polimer materialları – 5.5 Sümüklər – 0.7 Qara metal – 2.5 Əlvan metal – 0.5 Şüşə –4.3 Daşlar, keramika – 1.4 Ölçüsü 16 mm-dən az olan ələnmiş material – 8.8 Tullantıların sıxlığı (qalaqlanmış kütləsi) 0,2-0,3 t/m3 təşkil edir, nəmlik 40%-dan 55% qədər dəyişir, üzvi maddənin miqdarı (% quru çəkidə) – 70% q Tullantıların idarə edilməsi sistemi onların yığılması, daşınması, təkrar emalı, ikinci dəfə istifadəsi və ya utilizasiyası (səmərəli istifadəsi) və bütün prosesə nəzarətdən ibarət kompleks tədbirdir. Bu cür tədbirlər tullantıların insan sağlamlığına və ətraf mühitə mənfi təsirini azaltmaq üçün vacibdir. Hazırda dünyada zibil və tullantıların utilizasiyası üçün iki başlıca üsul mövcuddur. Utilizasiyaya başlamazdan əvvəl, müxtəlif kateqoriyalı bərk məişət tullantıları ayrıca yığılmalıdır. Çünki sənaye tullantılarının utilizasiyası ilə məişət tullantılarının utilizasiyası texnologiya və xərc baxımından fərqlənir, basdırma tullantılardan azad olmaq üçün ən ucuz üsul hesab edilir. Çünki bu prosedura tullantıları xüsusi zibilxana və poliqonlara atmaqla yekunlaşır. Təbii ki, sanitariya və gigiyena qaydalarına əməl olunmaq şərti ilə: Əks təqdirdə, zibil və tullantıların nəzarətsiz şəkildə poliqonlara atılması infeksion xəstəliklərin yayılması ilə nəticələnə bilər Zibilxanalardakı üzvi tullantıların anaerob çürüməsi zamanı ayrılan qaz (metan və karbon) ətraf mühitə olduqca kəskin və üfunətli qoxu yayır ki, bunun da nəticəsində bitki aləmi məhv olur.

Utilizasiyanın digər növü tullantıların yandırılmasıdır. Lakin bu üsulla bağlı da bəzi mübahisələr mövcuddur. Belə ki, yandırma nəticəsində əmələ gələn maddələr ətraf mühitin çirklənməsinə səbəb olur.Adətən məişət tullantısını evdən çölə çıxaranda çox nadir hallarda onun sonrakı taleyinin necə olacağını düşünürük. Maraqlananlar isə bilir ki, dünya ölkələrində məişət tullantıları xüsusi poliqonlara daşınır, ya da zavodların zibilyandırma sobalarında yandırılır. Amma hər iki üsul artan məişət tullantıları ilə mübarizədə az effektlidir. Bu tədbirlər xarici mühitə, atmosferə dəyən zərərin, insanların səhhəti üçün yaranan problemin qarşısını tam almaqda acizdir. Hazırda bütün dünyada tullantıların idarə olunması, onların həcminin azaldılması sanitar-ekoloji və sosial-iqtisadi baxımdan ən prioritet istiqamət kimi gündəmdədir. Dünyada ekoloji təmizliyinə, sanitar-gigiyenik vəziyyətinə görə insanları heyran qoymaqda davam edən ölkələrin siyahısına Azərbaycanın nə vaxt düşəcəyini bilmək fikri isə yəqin ki, hamını narahat edir.

Dünya ölkələrində çoxdandır ki, məişət tullantılarına yalnız zibil kimi yanaşılmır. Belə ki, inkişafda olan ölkələr hazırda məişət tullantılarının idarə olunması-onların yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sahəsində ən optimal variantın axtarışındadır. Artıq Azərbaycan da bu ölkələr sırasındadır. Heç şübhəsiz, tullantıların tərkibinin kağız, plastik və polimer materiallar, qara və əlvan metallar, həmçinin elektron cihazlarının nadir elementləri kimi müxtəlif, bəzən də ekoloji nöqteyi-nəzərdən təhlükəli olması da problemə müxtəlif istiqamətlərdən yanaşmanı tələb edir. Sellüloza-kağız, kimya, neftkimya, dağ-mədən və metallurgiya sahələrində formalaşan tullantılar ətraf mühitə və insan sağlamlığına toksikoloji təsirlər göstərir ki, bunun təsirini azaltmaq məqsədilə tullantıların idarə olunması dövlətlərin başlıca siyasətinə çevrilməkdədir.

Xosrov Musayev -Aqrar elmlər üzrə fəlsəfə doktoru

Ekoloji İnformasiya İB-nin sədr müavini