21 Noyabr 2024

Bərdənin mədəniyyət işçiləri 28 may müstəqillik günününə həsr olunmuş bayram tədbiri təşkil ediblər

Mayın 24-də Bərdənin tarixi qala abidəsində( Bərdə türbəsi, yaxudda el arasında Nüşabə qalası deyilir) 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə bildirilmişdir ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. 
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. 
Ulu Öndər Heydər Əliyev deyirdi: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” 
Məhz Ulu Öndər Heydər Əliyevin məsuliyyəti, siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

Tədbirdə Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayon Mədəniyyət Mərkəzi və Kətəlparaq kənd Uşaq Musiqi Məktəbinin birgə hazırladığı geniş və rəngarəng konsert proqramı nümayiş edilmişdir. Kətəlparaq kənd Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifasında bir-birindən gözəl mahnılar səsləndirilmiş və rəqslər oynanılmışdır.

Musa Muradlı- Media1.az