23 Dekabr 2024

Bərdənin Həsənqaya kəndində şəhidlərin xatirəsinə bulaq inşa olunub

Yanvarın 19-da Bərdə rayonunun Həsənqaya kəndində I Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə inşa olunmuş bulağın açılışı olub.

Açılış mərasimində şəhidlərin ailə üzvləri, Qazilər, Bərdə rayon İcra Hakimiyyətinin nümayəndəsi,yerli kənd sakinləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bərdə Rayon İcra Hakimiyyətinin Həsənqaya kənd İnzibati dairəsi üzrə nümayəndəsi Məhərrəm Nərimanov qonaqları salamlayaraq,  I Qarabağ müharibəsinin 4 şəhidinə, itkin şəhid Məmmədov İntiqam Məhəmməd oğlu ,  şəhid Hüseynov Rövşən Hüseyn oğlu ,şəhid Hüseynov Ədalət Vəli oğlu, şəhid Orucov Rafiq Həbib oğlunun xatirəsinə ehtiram əlaməti olaraq kənd sakinlərinin yaratdığı bulağın inşa olunması haqda məlumat verib.

Bərdə Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin təşkili şöbəsinin müdiri Samir Səfərov ölkəmizin üzdəniraq qonşumuz Ermənistan Respublikasının hərbi təcavüzündən danışaraq vətən uğrunda canından keçən şəhidlər və sağlamlığını itirmiş qazilər haqqında geniş və əhatəli çıxış edib. Bildirib ki, 1-ci Qarabağ və 2020-ci ilin Vətən müharibəsində minlərlə soydaşımız misli bərabəri olmayan qəhrəmanlıq göstərib. I Qarabağ müharibəsi vaxtı yeni yaranan dövlətin zəif olmasına baxmayaraq , vahid komandanlığ olmasa da minlərlə azərbaycanlı oğlu könüllü olaraq vətənin müdafiəsinə qoşulub. Canından qanından keçərək şəhid, ya da qazi olub.Bunun da sayəsində torpaqlarımızın az bir hissəsi işğal olunsa da ümumilikdə ermənilərin hücumlarının qarşısı alınıb. Vətən müharibəsində isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu düşmənə tutarlı dərs verib. Bütün bunları qeyd edən Samir Səfərov şəhid adlarının əbədiləşdirilməsini, uca tutulmasını hər bir azərbaycanlının müqəddəs borcu hesab edib.Həsənqaya kəndindəki şəhidlərin xatirəsinə inşa olunmuş bulaq və yanındakı dörd şəhidin şəkli olan  lövhənin qurulması təşəbbüsünü yüksək qiymətləndirib.Bunun üçündə təşəbbüskarlara və əməyi olan hər kəsə təşəkkürünü bildirib.    

Sonra Raqub Orucov adına Saatlı kənd tam orta məktəbin 7-ci sinif şagirdlərinin ifasında hərbi vətənpərvərlik ruhunda şerlər səsləndirilib.

Onuda qeyd edək ki, Həsənqaya kəndində inşa olunmuş bulaq kənd sakini Müsafir Cəmilovun təşəbbüsü və fəal iştirakçılığı ilə inşa olunub. 

Tədbir şəhidlərin kənd qəbristanlığındakı məzarlarının ziyarəti ilə başa çatıb.

Media1.az- Musa Muradlı