22 Dekabr 2024

Bərdənin Çələblər kənd məktəbi uçmaq təhlükəsi ilə üzləşib

Bərdənin Çələblər kənd məktəbi baxımsızlıqdan uçmaq təhlükəsi ilə üzləşib.

Məktəbin müəllimləri ATVFM.LİVE bildiriblər ki, məktəbin binası 1947-ci ildə tikilib.

“Uçuq siniflərdə dərs keçirik. Biz də istiyərdik ki, yaxşı şəraitdə işləyək.Uşaqlarımıza yeni biliklər verək. Müasir elmi texnologiyanın inkişaf etdiyi vaxtda istiyərdik elektron qaydada , kompyuter üsulu ilə uşaqlarımıza bilik öyrədək. Əfsuslar olsun ki, sinif otaqlarımızın mövcud durumu acınacaqlıdır.”- məktəbin müəllimi Zeynəb Namazova belə deyir.

Məktəb binasının qəzalı vəziyyətdə olması burda təhsilalan şagirdlərin, eləcə də müəllimlərin həyatı üçün təhlükə yaradır. Müəllim Esmira Zakirova bildirib ki, məktəbin binasının yarısı çiy kərpicdən , yarısı da kubikdən tikilib. Məktəb binasının kubikdən tikilmiş hissəsi də çox bərbaddır.

Zakirovanın dediklərindən belə məlum olur ki, məktəbdə dərs keçmək təhlükəlidir. “Hətta güclü külək olanda istəyirəm ki, uşaqlar məktəbə gəlməsin”- deyir .

Esmira Zakirovanın da arzularından biri yeni məktəb binasında sağlam ruhla çalışmaqdır.

Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayon Sektor müdiri Qurban Məmmədov bildirib ki, cari ildə Bərdə rayon Çələblər məktəbi üçün yeni binanın inşası nəzərdə tutulub.