28 Avqust 2025

Bərdədə “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

15 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” layihəsi çərçivəsində Dədə Ələsgər Ocağı İctimai Birliyi tərəfindən Bərdə rayonunda növbəti tədbir təşkil olunub.

Tədbir Bərdə Rayon Mədəniyyət Mərkəzində baş tutub.

Tədbir aparıcısı, Dədə Ələsgər Ocağı İctimai Birliyinin İdarə Heyətinin üzvü Taleh Əliyev layihənin məqsədi barədə məlumat verdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və “Qərbi Azərbaycan həqiqətləri” adlı videoçarx nümayiş olunub.

Tədbirdə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, layihə rəhbəri Xətai Ələsgərli, Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Səbuhi Qasımov, Qərbi Azərbaycan icmasının Bərdə rayon üzrə nümayəndəliyinin rəhbəri Fəzair Piriyev, Şəhid Ziyafət Balıyev adına Yeni Daşkənd kənd Folklor evinin bədii rəhbəri Aqşin Hacızadə və Ələsgərsevər Tofiq Abdullayev çıxış edərək, Dədə Ələsgərin irsinin qorunması, Qərbi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə çatdırılması, milli kimliyimizin möhkəmləndirilməsi, eləcə də Qərbi Azərbaycana qayıdış ideyasının mənəvi əsaslarının formalaşmasında bu irsin mühüm rol oynadığını vurğulayıblar.

Bədii hissədə aşıq Dərya Mərdanzadə, aşıq Şəhriyar Xıdıroğlu Seyid, xanəndə Rəşad İdrisoğlu, Bərdə şəhər 4 nömrəli uşaq İncəsənət məktəbinin saz sinfinin şagirdləri, Bərdə rayon Kolayır kənd uşaq musiqi məktəbinin saz müəllimi Ramin Məmmədov və solo saz ifaçısı Elmir Göyçəli Dədə Ələsgər irsinin zəngin musiqi ənənələrini tamaşaçılara təqdim ediblər. İfaçılar öz çıxışları ilə tədbir iştirakçılarına yaddaqalan sənət axşamı yaşadıblar.

Layihə çərçivəsində növbəti tədbirin Bakı şəhərində keçirilməsi planlaşdırılır.