21 Dekabr 2024

Bərdədə təntənəli bayram şənliyi təşkil edilib

Bərdədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə təntənəli bayram şənliyi keçirilmişdir.

31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə Heydər Əliyev adına park-bulvarda keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak etmişlər.

Öncə rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək tədbirdə iştirak edənləri və onların simasında Bərdə rayonunun bütün sakinlərini “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibəti ilə təbrik edib. Bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – Azərbaycan millətinin birliyi günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan Azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bu əziz günün yaradıcısı Ümummilli Liderimiz Heydər Əliyev 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdə dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdir. Həmin vaxtdan bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. Rayon rəhbəri hazırda bu önəmli işin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirildiyini vurğulayıb.

Tədbirdə Bərdə rayon Mədəniyyət Mərkəzinin “Qarabağ” xalq çalğı alətləri ansamblının üzvləri, rayonun incəsənət adamları, bədii özfəaliyyət dərnəkləri, uşaq musiqi məktəblərinin kollektivləri bir-birindən maraqlı, rəngarəng mahnılarla çıxış ediblər.