28 Mart 2024

Bərdədə “Tarixin Zəfər Yolu” kitabının təqdimatı olub – FOTO

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə Bərdə rayon Heydər Əliyev Mərkəzində Sübut Mehdiyevin müəllifi olduğu “Tarixin Zəfər Yolu” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə ziyalılar, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.

QHT.az AZƏRTAC-ın bölgə müxbirinə istinadən  xəbər verir ki, təqdimat mərasimi Xocalı faciəsi qurbanlarının, respublikamızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən övladlarının və Türkiyədə zəlzələdə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edərək başlayıb.

Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Asif Abbasov və tədbirin təşkilatçısı İSBAM sədri Samir Adıgözəlli çıxış edərək kitab haqqında məlumat veriblər. “Tarixin Zəfər Yolu” kitabının gənc nəslin maarifləndirilməsində, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsində öz töhfəsini verəcəyi bildirilib. 44 günlük Vətən müharibəsinin yazıçılar, jurnalistlər, araşdırmaçılar tərəfindən ciddi tədqiq edilməklə tarixləşdirilməsinin zəruriliyi vurğulanıb.

Tədbirdə iştirak edən Çexiyada yaşayan professor Azər Kərimov, təhsil işçiləri Leyla Məmmədova, Tamella Əliyeva, şəhid anaları çıxış edərək kitabın əhəmiyyətini yüksək qiymətləndirib, müəllif Sübut Mehdiyevə və tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər. Diqqətə çatdırılıb ki, şəhidlərin xatirəsinə belə kitabların həsr olunması cəmiyyət qarşısında böyük xidmətdir.

Müəllif Sübut Mehdiyev kitabın məzmun və ideya xətti barədə iştirakçıları məlumatlandırıb. O, Zəfərə gətirən yolda qəhrəman Vətən oğullarının şücaətlərini qələmə almaqla ilk növbədə öz mənəvi borcunu yerinə yetirdiyini bildirib.

Sonda “Tarixin Zəfər Yolu” kitabı müəllif tərəfindən imzalanaraq iştirakçılara təqdim edilib.

Fotolar