Bərdədə səyyar kitabxana təşkil edilib+FOTLAR
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Səyyar kitabxana” Bərdə rayonunda fəaliyyətə başlayıb və 29 dekabra qədər fəaliyyəti davam edəcək.
Əziz kitabsevərlər , şəxsiyyət vəsiqənizi təqdim etməklə 3000-dən çox əyani , 5000 elektron kitabdan 10 gün boyunca istifadə edə bilərsiniz.
“Səyyar kitabxana” Bərdə Regional ASAN Xidmət Mərkəzinin həyətində xüsusi maşında fəaliyyət göstərir. Kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədilə kitabların elektron versiyası yerləşdirilib. İstəyə uyğun olaraq elektron daşıyıcılar vasitəsilə kitabları əldə etmək mümkündür. Kitablar Azərbaycan, türk, rus, ingilis dillərindədir. Burada bədii ədəbiyyat, fəlsəfə, tarix, sosiologiya, elm və təhsil, mədəniyyət, idman, incəsənət, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar mövcuddur. Kitabxana 2 noutbuk, televizor, kondisioner sistemi və surətçıxarma avadanlığı ilə təchiz edilib.
Layihənin həyata keçirilməsində məqsəd kitabları fərqli məkanda və fərqli formada gənclərə təqdim etməklə onların kitab oxumağa olan marağını artırmaq, çətin əldə olunan qiymətli kitabları əlçatan etmək, gənclərin maariflənməsi işinə dəstək göstərməkdir.