22 Noyabr 2024

Bərdədə şəhid Xudayar Yusifzadəyə həsr olunmuş filmin təqdimatı keçirilib.

18 avqust 2022-ci ildə Sərhəd Qoşunlarının yaranması günü münasibəti ilə Dövlət Sərhəd Xidmətinin giziri  Vətən müharibəsinin şəhidi Xudayar Müslüm oğlu Yusifzadənin xatirəsinə həsr olunan “Dastana dönən Şəhid” filminin təqdimatı keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib  və dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açıb. Bildirib ki, bu sahədə mədəniyyət işçiləri hər zaman şəhid ailələrinin yanındadır, onları mütəmadi olaraq bayram və əlamətdar günlərdə ziyarət edərək maddi və mənəvi yardım göstərir.

Sonra Günel Əliqızının layihəsi əsasında ekranlaşdırılan “Dastana dönən Şəhid” filminin nümayişi həyata keçirilib.

Onu da qeyd edək ki, filmin ssenari müəllifi jurnalist Şöhrət Eyvazov, rejissoru Zahir Əsədov, bəstəkarı Elçin Atayevdir.

Filmin layihə rəhbəri Günel Əliqızı bildirib ki, “Dastana dönən Şəhid” filmi şəhidlərə ithaf olunmuş sayca 8 – ci ekran işidir. Filmin araya – ərsəyə gəlməsində yaradıcı heyətin fəaliyyətindən danışan Günel Əliqızı filmin təqdimatı zamanı qürur hissi keçirməklə yanaşı şəhidlərin ruhu qarşısında daim borclu olduğumuzu vurğulayıb.

Tədbirdə Bərdə rayon Cümə məscidinin axundu Hacı Ramazan,,Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov, ziyalılar- Leyla Məmmədova,Elcin Atayev,Şöhrət Eyvazov, Şəhid Elməddin Hüseynzadənin və Devran Naibovun anası,Səid Ədilovun bacısı cıxış edərək düşüncələrini bölüşüblər.

Şəhid ailələri öz növbələrində göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Media1.az