Bərdədə şəhid Asəf Əsgərovun adına küçə verilib
Bu barədə xəbəri Media1.az-a şəhid Asəf Əsgərovun atası İlqar Əsgərov verib.
Bərdə şəhərinin Bakı küçəsi indi şəhid Asəf Əsgərovun adını daşıyır.
Qeyd edək ki, şəhid Asəf Əsgərov 12 mart 1989-cu il tarixində Bərdə rayonunun Mustafaağalı kəndində doğulub.
Azərbaycan Ordusunun giziri olan Asəf Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asəf Əsgərov oktyabrın 12-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Əsgərov “Qarabağ” ordeni ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Əsgərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Asəf Əsgərov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.