Bərdədə Mədəniyyət Günü qeyd edilib

Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzində 15 aprel Beynəlxalq Mədəniyyət günü münasibətilə “Bizi birləşdirən mədəniyyət” mövzusunda tədbir təşkil edib.
Tədbiri Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədova açaraq, ölkəmizdə aparılan uğurlu mədəniyyət siyasətindən danışıb. Ümummilli lider Heydər Əliyev , o cümlədən möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət və qayğını yüksək dəyərləndirib. I Vitseprezident, H.Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində geniş və dinamik fəaliyyətini vurğulayıb. Həyata keçirilən yorulmaz və işgüzar fəaliyyət sayəsində Azərbaycan Mədəniyyətinin YUNESKO və İSESKO təşkilatlarında təmsil olunduğunu qeyd edən Gülbəst Məmmədova bildirib ki, bütün bu uğurların imazası Mehriban xanım Əliyevaya məxsusdur.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,ardınca ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi etiram duruşu ilə yad edilib.
15 Aprel Beynəlxalq Mədəniyyət Gününə həsr edilmiş tədbir Bərdə şəhər 4 nömrəli Uşaq İncəsənət məktəbinin hazırladığı konsert və Bərdə Xalq Teatrının hazırladığı S.Rəhman “Toy kimindir” və S.Samuxlu “Kərəmovun qardaşı” komediyalarından səhnəciklərilə davam edib.
Xalq teatrının yaradıcı heyətini təmsil edən Mehman Quliyevin, Günay Məmmədovanın, Samirə Xəlilovanın ifaçılıq qabiliyyəti tamaçılar tərəfindən rəğbətlə qarşılanıb. Səhnəciklər tamaçılarda xoş ovqat yaradıb.
Saz və xalq mahnılarının ifası tədbir iştirakçılarına xoş anlar bəxş edib.
Onu da qeyd edək ki, hər il dünyanın bir çox ölkələrində 15 Aprel Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu bayram 1935-ci il aprelin 15-də beynəlxalq hüquq təcrübəsində Rerix Paktı kimi tanınan, “İncəsənət və elm müəssisələrinin və tarixi abidələrin qorunması haqqında” beynəlxalq müqavilənin qəbul olunmasının şərəfinə təsis edilmişdir. Bu Paktın imzalandığı günün Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunması təşəbbüsü ilə 1998-ci ildə Rerix Beynəlxalq Mərkəzi tərəfindən təsis olunan Beynəlxalq Mədəniyyətin Qorunması Liqası çıxış etmişdir. Bu ictimai təşkilatın fəaliyyəti mədəniyyət, incəsənət, elm və dinin nailiyyətlərinin qorunması və artırılmasına yönəlmişdir.
Musa Muradlı- Media1.az








