23 Dekabr 2024

Bərdədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 43,8 faizi bitkiçiliyin payına düşüb

2022-ci ildə Bərdə rayonunda 374 milyon 714,8 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, onun 164 milyon 282,6 min manatı və ya 43,8 faizi bitkiçilik məhsullarının payına düşür.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Bərdə Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, 2022-ci ildə təkrar əkinlər də daxil olmaqla, 51 min 170 ton dənli və dənli paxlalılar (qarğıdalısız), o cümlədən 7862 hektar sahədən 35 min 850 ton buğda, 3561 hektar sahədən 14 min 780 ton arpa, 102 hektar sahədən 220 ton darı, 120 hektar sahədən 320 ton lobya istehsal edilib. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 45,6 sentner, arpa üzrə 41,5 sentner, darı üzrə 21,6 sentner, lobya üzrə 26,7 sentnerdir. Bundan başqa 419 hektar dən üçün qarğıdalı sahəsindən təkrar əkinlər də daxil olmaqla 6320 ton məhsul toplanıb, hər hektardan orta hesabla 80,9 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni də nəzərə alınmaqla taxıl istehsalının ümumi həcmi 57 min 170 ton təşkil edir ki, bu da 2021-ci illə müqayisədə 22 faiz çoxdur.

İl ərzində 11 min 038,1 hektar sahədən 35 min 953,6 ton pambıq, 149 hektar sahədən 343 ton günəbaxan, 48,5 hektar sahədən 920,9 ton şəkər çuğunduru, 96,4 hektar sahədən 1222,5 ton kartof, 1495 hektar sahədən 44 min 834 ton bostan bitkiləri, 2485 hektar sahədən 132 min 093,5 ton tərəvəz məhsulları toplanıb. Hər hektardan orta məhsuldarlıq pambıq üzrə 32,6 sentner, günəbaxan üzrə 23 sentner, şəkər çuğunduru üzrə 189,9 sentner, kartof üzrə 126,8 sentner, bostan bitkiləri üzrə 299,9 sentner, tərəvəz məhsulları üzrə 531,6 sentner olub.

2022-ci ildə rayonda təkrar əkinlər də daxil olmaqla 235 min 63 ton yem bitkiləri, o cümlədən 27 min 864 hektar sahədən 228 min 525 ton quru ot üçün yonca, 536 hektar sahədən 6160 ton silos üçün qarğıdalı, 118 hektar sahədən 378 ton quru ot üçün sorqo istehsal edilib. Hər hektardan orta məhsuldarlıq yonca üzrə 82 sentner, qarğıdalı üzrə 114,9, sorqo üzrə 32 sentner təşkil edib. Bundan başqa, bar verən yaşda 1171 hektar sahədən bağlardan 18 min 308,3 ton meyvə və giləmeyvə yığılıb.