22 Dekabr 2024

Bərdədə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi müzakirə olunub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının fermerlər arasında təbliği” layihəsinin icra planına uyğun olaraq Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində rayon fermerləri üçün seminar təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Layihə rəhbəri Musa Muradlı bildirib ki, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsal gücünün artırılmasına böyük ehtiyac var. Əhalinin sağlamlığı baxımından keyfiyyətli qida məhsullarının istehlak olunması vacib məsələlərdəndir.

Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı istiqamətində ölkəmizdə aparılan siyasətə diqqət çəkən Musa Muradlı bildirib ki, bunun üçün qanunvericilik bazası yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 fevral tarixli Sərəncamı ilə ekoloji təmiz kənd təsərrüfatı məhsul istehsalı üçün hüquqi baza formalaşdırılıb.

Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşları Anar Bağırov və Ədalət Əhmədov Ekoloji İnformasiya İB-nin həyata keçirdiyi “Ekoloji təmiz kənd təsərrüfatı məhsullar istehsalının fermerlər arasında təbliği” layihəsinin aktuallığını yüksək qiymətləndirib, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsinin qarşıya qoyulan vəzifələrdən olduğunu qeyd ediblər.

Layihənin eksperti ekoloq, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev ekoloji təmiz məhsul haqqında əhatəli çıxış edib. Bildirib ki, sağlamlığın qorunması baxımından təmiz kənd təsərrüfatı məhsullarının istehsalında fermerçilik qaydalarına düzgün əməl olunmalıdır. İstehsalçı istehlakçıların məhsullarla təmin olunmasında özündə məsuliyyət hiss etməlidir. Kimyəvi mineral gübrələrlə yetişdirilmiş məhsulları bazara çıxarmaqdan çəkinməlidir. Ən azından belə bir məsuliyyət fermerin vətəndaşlıq mövqeyində, vətənpərvərlik hissində özünü göstərməlidir.

Xosrov Musayev sağlamlıq baxımından ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsini məqsədəuyğun hesab edib. Ənənəvi fermerçiliklə yanaşı ekoloji təmiz məhsula keçidin aktual olduğunu bildirib.

Bərdəli fermerlər ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı barədə müzakirələrdə fəallıq nümayiş etdirib, layihədə qarşıya qoyulan vəzifəni yüksək qiymətləndiriblər.

Seminar iştirakçılarına təşviqat materialları və bukletlər paylanılıb.