22 Dekabr 2024

Bərdədə antisanitar vəziyyət – Millət vəkilindən çağırış

Bərdə şəhərində məişət tullantıları poliqonunun insanların sıx məskunlaşdığı ərazidə yerləşməsi rayon sakinlərinin haqlı narazılığına səbəb olub. 

Bu barədə millət vəkili Fatma Yıldırım özünün feysbuk hesabında məlumat yayaraq, aidiyyatı qurumlardan yardım istəyib. Deputat bildirib ki, poliqonda mütəmadi olaraq tullantıların yandırılması ilə yaranmış xoşagəlməz vəziyyət rayonda yaşayan 150 mindən çox əhalini sağlamlıq problemləri ilə üz-üzə qoyur.

Paylaşımı olduğu kimi təqdim edirik: 


“Əziz həmvətənlərim!
Bildiyiniz kimi, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan ekoloji siyasət nəticəsində bu sahədə görülmüş işlər, həyata keçirilən ardıcıl tədbirlər ekologiya və ətraf mühitin mühafizəsi sahəsində böyük uğurlar qazanılmasına səbəb olmuşdur. 

Lakin millət vəkili olaraq təmsil etdiyim Bərdə şəhərində ekolojı tarazlığın pozulması səbəbi ilə yaranmış problemlər ilə bağlı seçicilərim tərəfindən çox saylı şikayətlər daxil olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü kimi bu məsələ mənidə narahat etməkdədir. Belə ki, məişət tullantıları poliqonunun insanların sıx məskunlaşdığı ərazidə, yaşayış məntəqələrinə çox yaxın məsafədə yerləşməsi rayon sakinlərinin haqlı narazılığına səbəb olmuşdur. 

Məlumdur ki, məişət tullantıları kütləvi infeksiya mənbəyi hesab olunur, həmçinin, ekologiya və ətraf mühitin çirkləndirilməsinə səbəb olur. Bərdə şəhərinin yaxınlığında yerləşən poliqonda mütəmadi olaraq tullantıların yandırılması ilə yaranmış xoşagəlməz vəziyyət, ətrafa yayılan dözülməz qoxu və tüstü rayonda yaşayan 150 mindən çox əhalini ciddi sağlamlıq problemləri ilə üz-üzə qoyur. Bununla yanaşı rayon ərazisi üzrə məişət tullantı konteynerlərinin çatışmazlığı əlavə konteynerlərin qoyulması ehtiyacıda yaranmışdır.
 Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə, müvafiq qurumlara dəfələrlə rəsmi məktubla müraciətlər etsək də, yaranmış bu vəziyyət hələ də öz həllini tapmamışdır.
  
Ümid edirəm ki, aidiyyatı orqanlar yaranmış problemin həll olunması istiqamətində müvafiq köməkliyi göstərəcəklər”.