Bərdə xəstəxanasında vətəndaşlara xidmət zamanı operativlik niyə təmin edilmir?
Bərdə rayonunda səhiyyənin idarəolunması vətəndaşların haqlı narazılıqları ilə müşahidə olunur. Xüsusilə poliklinika binasının boşaldılaraq mərkəzi rayon xəstəxanasının binasına yerləşdirilməsi , uşaq xəstəxanasının da eyni qayda da mərkəzi xəstəxanaya köçürülməsi vətəndaşlara xidmət səviyyəsinin artırılmasına deyil, daha da pisləşməsinə səbəb olub.
Indi xəstəxanada aləm qarışıb bir-birinə.Adam əlindən tərpənmək olmur. Xəstəxananın dəhlizlərində , necə deyərlər, iynə atsan yerə düşməz. Nəzərə alsaq ki, indiki pandemiya şəraitində əhalinin bir yerə yığışmağı xəstəliyin yayılmasına rəvac verir, deməli təhlükəli virusun yayılmasına yardım göstərənlərdən birincisi elə Bərdə rayon xəstəxanasıdır.
Burada bütün kabinetlərin qarşısında növbələr müşahidə olunur. USM, Rentgen, Labaratoriya, həkim qəbullarına düşmək istəyənlər ağız-ağıza durur. Kimi maskadan istifadə edir, kimisi də yox. Sağlam adamın buraya gəlib, xəstə qayıtmayacağına sözün həqiqi mənasında təminat yoxdur.
Sağlamlıq arayışlarının verilməsi də bir matax iş olub.
Poliklinikanın dəhlizində qeydiyyat masasının başı müştərilərlə doludur. Adama 15 manat hesaba vəsait ödədirlər. Bərdə rayonunun Mustafaağalı kənd sakini Uğurlu Əsgərov da iş yerinə sağlamlıq arayışı almaq istəyir. Buna görə də o qeydiyyatçıların göstərişi ilə 15 manat ödəyir.
Sənəd almaq üçün uzun vaxt gözləməli olursan.
4 nəfərlik bilgisayarın ikisində qeydiyyat aparılır. Qeydiyyat poliklinikada aparıldığından yaranmış durumdan çarə umulan buranın baş həkimi Mehdi Mehdizadə olur. Ancaq o da prosesdən kənarda olduğunu, qeydiyyatla bağlı məsələnin onun səlahiyyətində olmadığını bildirir. Onunla söhbətdən belə məlum olur ki, qeydiyyatla bağlı ya buranın rəhbərliyi, ya da kı dəhlizdə oturan qeydiyyatçıların böyüyü Pərvanə həkimdən doğru dürüst cavab almaq olar. Mehdi Mehdizadəyə deyəndə ki, “ 4 stolda hamı oturub, işləsə vətəndaşları rahat yola salmaq olar. Vətəndaşlara xidmətin operativliyi artar.” Cavabı belə olur: “Yaxşı təklifdir. Ancaq mənim buna səlahiyyətim çatmır.”
Bərdə Mərkəzi Rayon Xəstaxanasına direktoru Vüsal Məmmədov bildirib ki, qeydiyyatçının iki nəfər olması pandemiya vaksinasiyası ilə bağlı olaraq əməkdaşların gərgin iş rejimində çalışır. Ayrı-ayrı məntəqələrə ezam olunurlar. Qeydiyyatda vətəndaş sıxlığı müvəqqəti xarakter daşıyır. Tezliklə belə bir problem olmayacaq.
Baş həkimin nəzərinə çatdırılandakı: “pandemiya şəraitində xəstəxanada sıxlıq yaranır.Xəstəliyin yayılmasına rəvac verilir. Belə olan halda operativ xidmətin təmin edilməsinə ehtiyac var”. Cavab belə olub: “ Artıq koronavirus xeyli vaxtdır ki, mövcuddur. İndiyə qədər vətəndaşlarda davranış formalaşmalı idi. Buna görə həkimlər məsuliyyət daşımır.”
Baş həkim Vüsal Məmmədovun deməyinə görə qeydiyyatla bağlı yaranan çətinliklər müvəqqətidir. Tezliklə düzələcək.
Bərdə Mərkəzi Rayon Xəstaxanasına direktoru Vüsal Məmmədov haqqında əlavə olaraq onu demək olar ki, əvvəlki rəhbər şəxslərdən fərqli olaraq, medianı dinləməyi bacarır, soruşulanlara mədəni şəkildə cavab verir. Ümid edək ki, media üçün açıq danışmağı bacaran baş həkim Bərdə səhiyyəsinin problemlərini də aradan qaldırmağa müvəffəq olacaq. Arzumuz budur!!!
Musa Muradlı