08 Sentyabr 2024

Bərdə Regional Mədəniyyət İdarəsinin növbəti Şura iclası keçirilib

Bərdə rayon Mədəniyyət Mərkəzində Bərdə Regional Mədəniyyət İdarəsinin geniş tərkibdə növbəti Şura iclası keçirilib. Regional idarənin rəisi Vəsilə Möhsümovanın rəhbərliyi ilə keçirilən iclasda Şura üzvləri, regional idarəyə daxil olan rayon və şəhərlərdə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

Media1.az-ın məlumatına görə, iclas vətən uğrunda şəhid olan, o cümlədən Azərbaycan mədəniyyətinin təşəkkül tapmasında, inkişafında misilsiz xidmətləri olan görkəmli xadimlərin ölməz ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Şuranın sədri, regional idarənin rəisi Vəsilə Möhsümova gündəlikdəki məsələlər barədə məlumat verərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışıb.

Regional idarənin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin 2022-2023-cü tədris ilinə hazırlığı haqqında danışan idarə rəisi məktəblərdə təlim-tədris prosesinə diqqətin artırılmasından, məktəblərin müsabiqə və festivallarda yüksək səviyyədə iştirakının vacibliyindən, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı görülmüş işlərdən bəhs edib. Qeyd olunub ki, məktəblərin fəaliyyəti regional idarə tərəfindən qiymətləndiriləcək və bu barədə müvafiq qərarlar qəbul ediləcəkdir.

İclasın davamında idarə rəisi Mədəniyyət Nazirliyinin tövsiyə və tapşırıqlarını müəssisə rəhbərlərinə çatdıraraq, xüsusilə sosial şəbəkələrdə fəaliyyətin artırılması və mətbuat ilə əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Sonda mədəniyyət müəssisələrinin səmərəli fəaliyyəti istiqamətində təkliflər dinlənilib, qarşıya qoyulan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Media1.az