21 Dekabr 2024

Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vüsal Məmmədov ictimai fəallar və media mənsubları ilə görüş keçirib – YENİLƏNİB

Bərdə Mərkəzi Xəstəxanasının dünəni , bu günü , sabahı adlı tədbirdə baş həkim Vüsal Məmmədov hesabat xarakterli çıxış edib.

Baş həkim Vüsal Məmmədov əvvəlcə, keçirilən görüşün əhəmiyyətindən danışıb. Bildirib ki, media təmsilçiləri ilə görüşlərin keçirilməsi , ictimaiyyətlə əlaqələrin daim təkmilləşdirilməsi vacib məsələlərdəndir.

Daha sonra çıxışını maraqlı süjet xətti üzərində quran  baş həkim Vüsal Məmmədov Azərbaycanın 44 günlük müharibə vaxtı qazandığı qələbədə prezident İlham Əliyev- ordu- xalq birliyinin yaratdığı dəmir yumruğun rolundan, ixtisasca həkim olan şəhid jurnalist Çingiz Mustafeyivin vətənpərvərliyindən, Azərbaycan ədəbiyyatının satirik şairi Mirzə Ələkbər Sabirin tənqidi hədəfindən, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin milli məfkurəmizin inkişafında “ Əkinçi” qəzeti vasitəsilə yaratdığı müsbət təsirindən, təhsilimizin inkişafında xeyriyyəçi  Hacı Zeynalabidin Tağıyevin himayədarlığından danışaraq  hər kəsin onlar kimi vətənə xidmət düşüncəsində çalışmalı olduğunu vurğulayıb. Qeyd edib ki, hər sahənin adamları kimi həkimlər də xalqımızın sağlamlığı baxımından vəzifələrini yerinə yetirərkən  bu amallara söykənirlər.

Baş həkim Bərdə xəstəxanasının fəaliyyətindən  danışarkən bildirib ki, səhiyyə sahəsi özəlliyinə görə digər sahələrdən seçilir. Çətin də olsa onlar 24 saat ərzində vətəndaşların sağlamlığının keşiyində dayanırlar.

Sonra Bərdə səhiyyəsində con bir ildə görülən işlərdən danışılıb. Əvvəllər bir sıra çatışmamazlıqların olduğu vurğulanıb. Keçən müddət ərzində xəstəxanada generator qurğularının yerləşdirilməsi sayəsində enerji təminatının fasiləsizliyi təmin edilib. Kadr təminatında yenilənmələr həyata keçirilib. Yaşı 65-dən yuxarı olan tibbi işçiləri ilə əmək müqavilələri uzadılıb. Həmin işçilərin bilik və bacarıqlarından istifadə etmək və zəruri kadr çatışmamazlığını aradan qaldırmaq məqsədilə kənd tibb məntəqələrində istifadə olunması qərara alınıb. Mərkəzi Xəstəxanada yeni gənc kadrların işə qəbul edilməsi ilə xidmət sahəsinə  müasir tələblərə cavab verən həkimlər  cəlb olunub.

Baş həkim Acil tibbi yardımın təkmilləşdirilməsini vurğulamışdır. Təcili yardım xidmətində xidmətin səviyyəsinin yüksəldilməsindən danışmışdır.

Bərdə səhiyyəsində neqativ hallara qarşı həmişə mübarizə aparıldığını deyən baş həkim indən sonra da bu prinsiplərə sadiq qalacağını bildirib. Belə hallara qarşı ictimai fəalları, mətbuat nümayəndələrini də fəal olmağa çağırıb. 

Şəhid ailələrinə və şəhid övladlarına xüsusi diqqət və qayğıdan danışan baş həkim Vüsal Məmmədov bildirib ki, vətən uğrunda canından keçən şəhidlərin ailə üzvləri bizə əmanətdir. Onların ailə üzvlərinə qayğı göstərmək hər kəsin borcu olmalıdır. Bərdə Mərkəzi Xəstəxanasının əməkdaşları da həmişə bu ənənəyə sadiqdir. Bunun üçün də qrafik əsasında şəhid ailələrinə baş çəkərək onların müayinəsi həyata keçirilir, ehtiyyac olduğu halda müalicə olunurlar. Xəstəxanaya müraciət edən şəhid və qazi ailələrinə yüksək düqqət və qayğı göstərilir. Eləcə də şəhid övladlarına xüsusi yanaşma göstərilir.

Baş həkim Vüsal Məmmədovun dərin məzmunlu hesabat məruzəsindən sonra mətbuat nümayəndələrinin çox saylı sualları cavablandırılıb.

Jurnalistləri maraqlandıran əsas məsələlər kənd tibb məntəqələrində şəraitin yaxşılaşdırılması və şəkər xəstələrinin dərman təminatında üzləşdikləri çətinliklər müzakirə olunub.

Bildirilib ki, kənd tibb məntəqələrinin yenilənməsi, müasir tələblərə cavab verməsi istiqamətində işlər görülür. Baş həkim qeyd edib ki, kənd tibb məntəqələrində həkim kadrlara ehtiyyac var. Əsasən kənd məntəqələrində həkimlər işləmək istəmirlər. Ancaq hesab edib ki, yaxın gələcəkdə problemlər həllini tapacaq.

Şəkərli xəstələrin dərman təminatındakı çatışmamazlıqlara aydınlıq gətirən baş həkim ilin sonun kimi bu məsələdə də mövcud problemin həllini tapacağını bildirib.

Görüşdə o da vurğulanıb ki, qonşu rayonlardan da Bərdə Mərkəzi Xəstəxanasına çox saylı müraciətlər olunur. Demək olar ki, xəstəxananın imkanları tibbi yardım almaq istəyən vətəndaşların tam təlabatına cavab vermir. Bunu üçün də yeni müasir tipli xəstəxananın istifadəyə verilməsinə ehtiyyac var.

Sonda görüş iştirakçıları üçün çay təşkil olunmuş, qeyri rəsmi formatda müzakirələr davam etdirilmişdi.

Görüş xoş təəssüratlarla başa çatmışdır.

Media1.az- Musa Muradlı