Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru Arif Babayevdən xatirə paylaşdı

Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədova Ustad sənətkar, professor Arif Babayev haqqında ehtiram dolu fikirlərini ifadə edib.
Media1.az Mərkəz direktoru Gülbəs Məmmədovaya məxsus yazını təqdim edir.
“Ulu yaradan zaman-zaman xalqımıza bir-birindən gözəl, istedadlı sənətkarlar bəxş edib. Onlar da taleyin bu xoş payı qarşısında borclu qalmamaq üçün milli-mədəni dəyərlərimizi nəsillərdən-nəsillərə layiqincə ötürüblər.
Bu ali missiyanı uğurla yerinə yetirən sənətkarlarımızdan biri də Arif Babayev idi. Yüz illərin o üzündən süzülə-süzülə, ələnə-ələnə gələn, süzüldükcə, ələndikcə ülviləşən, durulaşan, büllurtək şəffaf, göz yaşı tək dupduru, tərtəmiz muğamlarımızı qoruyan, inkişaf etdirən, bu ölməz sənəti dünyayla bir edən sənətkarımızla fəxr etmişik həmişə. Və biz inanırıq ki, Azərbaycanda muğam sənətinin təbliğinə Arif Babayev məktəbinin yetirmələri də öz töhfələrini verəcəklər.
Arif Babayevin 2008-ci ildə Bərdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində keçirilən 70 illik yubileyində aparıcılıq edərkən “Səhnəmizin cəngavər duruşlu sənətkarına eşq olsun” demişdim.Bu gün də deyirəm:”Azərbaycan Muğam sənətinin cəngavəri, Xalqımız Sizi heç zaman unutmaz…”

