28 Avqust 2025

Bərdə rayon Mədəniyyət Mərkəzində Muğam və Musiqi Gününə həsr edilmiş tədbir keçirilib

Bərdə rayon Mədəniyyət Mərkəzində 26 avqust – Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə “Dünya mədəniyyətinin şah əsəri” adlı tədbir keçirilib.

Mədəniyyət müəssisələrinin rəhbərlərinin, rayon ictimaiyyətinin və muğamsevərlərin iştirak etdiyi tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə Azərbaycanın xalq musiqisinin və muğam sənətinin tarixi zənginliyi, müasir inkişaf yolu barədə ətraflı məlumat verilib. Bildirib ki, Azərbaycan muğamının müasir tarixdə uğurlu inkişafında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Bu fəaliyyətin məntiqi nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın və tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.

Tədbirdə muğamlar, xalq və bəstəkar mahnıları səsləndirilib, tanınmış Azərbaycan şairlərinin yaradıcılıqlarından şeirlər söylənilib.

Qarabağ Regional Mədəniyyət İdarəsi tərəfindən 26 avqust “Beynəlxalq Azərbaycan Muğam Günü” münasibətilə mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə bir qrup əməkdaş fəxri fərmanlarla təltif olunub.

Sonda xatirə şəkilləri çəkdirilib.