Bərdə rayon Heydər Əliyev Mərkəzində ”Xalq seçən, xalq üçün seçilən lider” adlı elmi-praktik konfrans keçirilib
15 İyun – Milli Qurtuluş Günü münasibətilə Bərdə rayon Heydər Əliyev Mərkəzində “Xalq seçən, xalq üçün seçilən lider” adlı elmi-praktik konfrans keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Arifət Əhmədova Milli Qurtuluş Günü haqqında çıxış edib.O bildirib ki , iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir.Bu günün müəllifi daim xalqına arxalanan və xalqına arxa, dayaq olan ümummilli lider Heydər Əliyevdir.Bu əlamətdar gündən ötən 29 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. İndi Azərbaycan ölkə başçısının rəhbərliyi ilə təməli Ulu Öndər vasitəsilə qoyulmuş azərbaycançılıq ənənələrini uğurla davam etdirir.
Sonra çıxış edənlər bugünün tarixi əhəmiyyətindən geniş söz açıblar. Qeyd ediblər ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində böyük iqtisadi uğurlara imza atmışdır.