Bərdə Peşə Liseyinin şəhid məzunu:Şəhid Hüseyinzadə Elməddin Fərman oğlu haqqında müəllimlərindən eşitdiklərimiz

İndi onun nurlu xatirəsini müəllimləri dərin hörmət və ehtiramla xatırlayırlar.
Şəhid Elməddin Hüseynzadə Fərman oğlu 24 mart 1998- ci ildə Sərkarlar kəndində doğulub.Anasının tək ümid yeri olub. Onun yoxluğuna alışmaq həmin ana üçün indi çox çətindir. Elməddin Hüseynzadə hərbi xidmətini başa vurub, bir müddətdən sonra yenidən ordu sıralarına qayıtmağa qərar verib. Və ötən ilin 27 sentyabrında döyüşlər başlayan gün 41 gün imiş ki MAXE kimi hərbi xidmət keçirmiş.Döyüşlərin 2-ci günü, yəni sentyabrın 29-da cəbhənin Talış-Suqovuşan istiqamətində şəhid olub.Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Şəhid Hüseynzadə Elməddin Fərman oğlu Bərdə şəhər 1 saylı tam orta məktəbdə təhsil almaqla yanaşı 2015-2018- ci illərdə Bərdə Peşə Liseyində Geniş profilli traktorçu maşinist ixtisasına yiyələnib. Elməddin Hüseynzadə oxuduğu illərdə müəllimlərinin rəğbətini qazanıb. Onun nurlu xatirəsi bu gündə Bərdə Peşə Liseyində hörmətlə yad edilir.
Həmsöhbətimiz Bərdə Peşə Liseyinin müəllimi Əli Babayev Elməddin Hüseynzadənin ağıl-kamalına görə tələbə yoldaşlarından seçildiyini deyir :”sakit,təmkinli uşaq idi. Oxuduğu illər ərzində nümunəviliyi ilə seçilib.Müəllim və tələbə həmkarları ilə xoş münasibətdə olub.Bəzi insanlar görürsən ki, yaşından böyük düşünür. Belə adamlarda olan bu xüsusiyyət mənim xoşuma gəlir.Düzdü , uşaqlığı da yaşamaq lazımdır.Ancaq uşaq olub, böyüklərin ədəb ərkanına uyğun davrananda yeniyetmə yaşında olan kəs dərhal seçilir.Mənim üçün də Elməddinin əsas xüsusiyyətlərindən biri də məhz onun böyük düşüncə tərzinə malik olması idi.”
Adil Babayev söhbətə qoşulur. Şəhid Elməddin Hüseynzadı haqqında Əli müəllimin dediklərini qüvvətləndirir.” Elməddinin xarakterində hərbçiyə aid xüsusiyyətlər cəmlənmişdir. Bu sənət sanki, onun alnına yazılmışdır.Mən hərbçi ola bilərəm?- sualını dönə-dönə təkrarlamışdı.Hər dəfə soruşanda Mən də onun fikrini, sualının məqsədini bilmək üçün ona deyirdim. Nə üçün hərbçi olmaq istəyirsən? Deyirdi ki,ermənilər Xocalıda soydaşlarımızı qətlə yetiriblər.Azərbaycanlıları işgəncələrə məruz qoyaraq öldürüblər. Xalqımıza qarşı müdhiş soyqırım həyata keçirib.Mən hərbiçi olub, onların qisasını almaq istəyirəm. “ deyən Adil Babayev şagirdini sevgi hissi ilə xatırlayır. Şəhid Elməddin Hüseynzadə haqqında ağızdolusu, ürəkyanğısı ilə söhbətini davam etdirir.”Liseyimizdəki uşaqların hamısında vətənsevərlik olub. Ancaq Elməddində vətənə olan sevgi hissi daha çox hiss olunurdu.Parlaq ulduz kimi fərqlənirdi. Onda vətənə olan məhəbbəti gördüyümdən hərbçi olmağı tövsiyyə etmişdim.Elməddinin hərbçi sıralarına qoşulduğunu eşidəndə müəllimi kimi sevinmişdim. Onun dərslərə diqqətlə qulaq asması,hərb sənətinə dair maraqlı suallar verməsi məni heyran edirdi”.- deyir Adil Babayev.
Adil Babayev şəhid Elməddin Hüseynzadənin xüsusiyyətlərini sadalamaqla bildirir ki, müəllim üçün şagirdlərinin hamısı yaxşıdır. Bir pedaqoq kimi hesab edir ki, pis uşaq yoxdur. Bu baxımdan uşaqlara qarşı həmişə məhəbbət hissi ilə yanaşır. Elməddin Hüseynzadəyə qarşı onun xüsusi rəğbət hissi olub. Onun cəsarətli, mərd, vətənpərvəliyi bir müəllim kimi onunu xüsusilə valeh edib.
Hərbi rəhbər Adil Babayev Bərdə Peşə Liseyinin 20-yə qədər məzununun döyüşlərdə iştirak etdiyini bildirir.Və qeyd edir ki, onlardan üçü şəhid, 17-si isə qazi olub.
Elməddin Hüseynzadə haqqında xatirələrini bölüşənlərdən biri də istehsalat təlim ustası Ənvər Həsənov olur. Söhbət zamanı məlum olur ki,Şəhid Elməddin Bərdə Peşə Liseyinə 2015-ci ildə qəbul olub, 2018-ci ildə isə həmin təhsil müəssisəsini başa vurub. Geniş profilli traktorçu maşinist ixtisasına yiyələnib.Peşə mənimsədiyi illərdə də ona sənətin sirlərini usta Ənvər Həsənov öyrədib.
Usta Ənvər Həsənov Elməddinin peşəyə olan marağından danışaraq vurğulayır ki, ixtisasını öyrənməklə yanaşı məktəbin ictimai həyatında da yaxından iştirak edirdi.
Müəllimləri ilə söhbətimizdən sonra Elməddin Hüseynzadənin nurlu çöhrəsi gözümüz önündə canlanır. Davranışı, yüksək mədəniyyəti ilə müəllimlərinin dediyi kimi hələ də bu məktəbin şagirdidir,sanki. Onun ruhu məktəbin siniflərində dolaşır. Elə bilirəm ki, şəhid Elməddin Hüseynzadə müəllimlərinin bizimlə söhbətini eşidir. Sevgi və sayğı ilə xatırlandıqca ruhu sevinir.Bəlkə bu da bir nümunə idi. Həmişə nümunəviliyi ilə seçilən Elməddin vətənin müdafiəsində də can verməyi özünə örnək götürməli olub. Şəhadətə ucalarkən Ana vətən uğrunda canın verib, özündən başqa heç kimi olmayan anasını vətənə əmanət qoyub.İndi bu anaya oğulluq etmək bizim işimiz olmalıdır.Çalışaq, şəhid analarının yanında olaq.
Ruhun qarşısında baş əyirəm Şəhidim.Zəfəri bizə bəxş etdiyiniz bu tarixə görə Sizə borcluyuq.
Media1.az