02 Mart 2025

Bərdə Mədəniyyət Mərkəzində Polad Bülbüloğlunun 80 illik yubileyi keçirilib.

Fevralın 24-də Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzi Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri Azərbaycanın Rusiyadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 80 illik yubileyi münasibətilə “Yaradıcı ulduz” adlı ədəbi-bədii gecə təşkil edib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiram duruşu ilə yad edilib.

Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayonu üzrə nümayəndəsi Fərid Hacıyev geniş məruzə ilə çıxış edərək Polad Bülbüloğlunun həyat və yaradıcılığından, o cümlədən ictimai siyasi fəaliyyətindən danışıb. İstər sənətdə, istərsə də dövlət vəzifəsində Polad Bülbüloğlunun fəaliyyətini yüksək dəyərləndirib.

Sonra Tədbir Polad Bülbüloğlunun repertuarından olan musiqi nömrələri ilə davam etdirilib. Bir birindən gözəl mahnı və musiqilər təqdim edilib.

Onu da qeyd edək ki, 1945-ci ildə Bakıda məşhur xanəndə Bülbülün ailəsində doğulmuş Polad Bülbüloğlu 1973-cü ildə əməkdar incəsənət xadimi, 1982-ci ildə Azәrbaycanın xalq artisti adına layiq görülüb. O, 1987-ci ildə Azərbaycan Dövlət Filormaniyasının direktoru və bədii rəhbəri kimi çalışıb. Azərbaycan musiqisinə, mədəniyyətinə böyük maraqdan vəcdə gələn bəstəkar-müğənni artıq bütün arzularının həyata keçdiyini də vurğulayıb: “Mənim ən böyük üç arzum var idi. Bu üç arzumu da hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev həyata keçirdi. Birincisi, Qarabağın qayıtması, Şuşanın qayıtması, atamın evinin bərpa olunması idi. İkinci arzum isə Xarıbülbül festivalının yenidən canlanması olub. Bir də güllələnmiş abidələrin Şuşaya, aid olduqları yerə qaytarılmasını diləyirdim. Mənim üç belə arzum vardı, bu üç arzu da həyata keçirilib. Ona görə də özümü xoşbəxt adam sayıram ki, bu günləri görmüşəm”.