16 Aprel 2025

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində “Ekoloji Bilik Günü”nə həsr edilmiş “Təbiətimizi sevək” adlı tədbir keçirilib

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi başlayıb. Ardınca ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi etiram duruşu ilə yad edilib.

Ekoloji Bilik günü münasibətilə keçirilən tədbirdə Aran TV – nın direktoru Rafiq Hüseynov, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev, Bərdə Rayonu İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi Əhliman Hümbətov, Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlı, eləcə də Kollecin müəllim və tələbə heyəti iştirak edib.

Kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev çıxış edərək ekoloji bilik günün təsis olunmasından danışıb. Bildirib ki, hər il qeyd edilən bu günün cəmiyyətdə ekoloji biliklərin , ekoloji təhsilin, ekoloji mədəniyyətin yaranmasında və formalaşmasında, insanların maarifləndirilməsində böyük əhəmiyyəti var. Ekoloq alim Xosrov Musayev Ətraf mühitin qorunmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz rolundan, onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevin ekoloji tarazlığın bərpası istiqamətində atdığı vacib addımlarından danışıb.

Sonra digər natiqlər də ekoloji bilik günü haqqında fikirlərini bölüşüblər.

Tədbirdə təbiət gözəlliklərini vəsf edən, təbiətin mühafizəsinin vacibliyini göstərən maarifləndirici videoçarxlar təqdim edilib.