22 Dekabr 2024

Belarus və Azərbaycan münasibətləri yeni mərhələdə uğurla inkişaf etdirilir

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri Belarus və Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş oldu. Olduqca zəngin gündəliyə malik bu səfər qarşılıqlı əlaqələrimizin inkişafında xüsusi rol oynayacaq. Əlaqələrin tarixi ənənələrə əsaslanması, hər iki ölkənin beynəlxalq müstəvidə daim bir-birilərinə dəstək olmaları, dövlət başçıları arasında yüksək siyasi dialoqun mövcudluğu Belarus-Azərbaycan münasibətlərini inkişaf dinamikasına öz müsbət təsirini göstərən önəmli faktorlardır. Qəbul edilən qərarlar və atılacaq addımlar hər iki ölkənin inkişafına önəmli töhfə verəcək. Aleksandr Lukaşenko Azərbaycanla ticarət dövriyyəsinin 400 milyon dollar civarında olduğunu vurğulayaraq yaxın gələcəkdə bu rəqəmin 1 milyard dollara çatdırılacağını qeyd etdi.

Belarus Prezidenti ölkəsinin Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurma və bərpa işlərində yaxından iştirak etməyə hazır olduğunu bildirdi. Mayın 17-də Şuşa şəhərinə səfər zamanı Belarus adından Şuşa şəhərinə bağışlanan texnikalar nümayiş etdirildi. Ümumilikdə iqtisadi perspektiv olduqca məhsuldar nəticələr vəd edir. Aleksandr Lukaşenkonun Prezident İlham Əliyev ilə əlaqədar qeyd etdiyi xüsusi məqamlar bir daha güclü lider-güclü dövlət anlayışının Azərbaycanın qüdrətini səciyyələndirən ən önəmli amil olduğunu nümayiş etdirir.

Belarus Prezidentinin söylədiyi fikirlərdən biri: “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz – Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik.”

Prezident İlham Əliyevin liderlik qabiliyyəti, qətiyyəti, əzmi, gücü sayəsində ard-arda əldə edilən siyasi, iqtisadi, hərbi zəfərlər Azərbaycanın beynəlxalq nüfuzunu daha yüksək zirvələrə ucaldıb.Bu gün təkcə regional deyil, qlobalmiqyaslı məsələlərdə də Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın mövqeyi və rəyi mütləq nəzərə alınır. Nəhəng ölkələrin prezidentləri belə dövlət başçısı İlham Əliyevin müdrik siyasətçi olduğunu dilə gətirirlər, Azərbaycan Prezidentinin nüfuzunun Cənubi Qafqazın sərhədlərini çoxdan aşaraq dünyaya çıxdığını etiraf edirlər. Həqiqətən də, bu gün Azərbaycanla Belarus bir-birinə güvənən, beynəlxalq arenada qarşılıqlı dəstək göstərən dost ölkələrdir.

Dövlətimizin başçısı cənab İlham Əliyev və Belarus Prezidenti cənab Aleksandr Lukaşenkonun iki ölkə arasında əlaqələrin inkişafına xüsusi önəm verməsi, sözsüz ki, münasibətlərin bu mərhələyə qalxmasında əhəmiyyətli rola malik olub. Hər iki lider arasındakı səmimi dostluğu da qeyd etmək istərdim ki, məhz bu da əlaqələrimizin inkişafına geniş zəmin yaradıb.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı