22 Dekabr 2024

Belarus Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib.

“Report”un Belarus Prezidentinin saytına istinadən verdiyi məlumata görə, təbrikdə deyilir:

“Həyata keçirdiyiniz çoxşaxəli dövlət və ictimai-siyasi fəaliyyət insanların rifahına yönəlib, Sizin peşəkarlığınız, təşkilatçılıq istedadınız, tükənməz həyat enerjiniz və cazibəniz Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda Sizə haqlı olaraq nüfuz qazandırıb. Minsk və Bakı arasında yüksək səviyyəli qarşılıqlı etimad, müxtəlif sahələrdə sıx təmaslar və böyük strateji əhəmiyyətə malik tərəfdaşlıq münasibətlərini qiymətləndirirəm”.

A.Lukaşenko Belarus-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı genişmiqyaslı planların həyata keçirilməsinin qardaş xalqların maraqlarına tam cavab verdiyinə əminliyini ifadə edib.

“Hörmətli Mehriban Arif qızı, Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və gələcək işlərinizdə uğurlar arzulayıram, qoy ailənizdə əbədi olaraq sevinc, sevgi və harmoniya hökm sürsün”, – təbrikdə qeyd olunub.