22 Dekabr 2024

Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir

9 Noyabr-Dövlət Bayrağı Günüdür. Hər bir bayram özündə mühüm çağırışları ifadə edir. Nəzərə alsaq ki, hazırda bütün bayramlarımızı Zəfər ab-havasında qeyd edirik, bu halda bugünədək edilən çağırışlara yenilərinin əlavə ediləcəyi şəksizdir. Artıq iki ildir üçrəngli Bayrağımız işğaldan azad edilən torpaqlarımızda dalğalanır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan hərbi paradda səsləndirdiyi “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” fikirləri iki il öncə reallığa çevrildi.

Artıq üç ildir bütün bayramlarımızı, o cümlədən 9 Noyabr-Dövlət Bayrağı Gününü Zəfər ruhunda qeyd edirik. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsasıdır. Dövlət Bayrağı Günündə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə cəbhədən gələn qələbə müjdəli xəbərlərin xalqımızda yaratdığı hissləri yada salmamaq mümkün deyil. Həmin gün küçə və meydanlarımızı üçrəngli Azərbaycan Bayrağı bəzədi. Bayrağımız paytaxt və bölgələrimizdə yaşanan Zəfər sevincinə şahidlik etdi.

Dövlət başçısı İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilib. Ölkəmizdə üçrəngli Bayrağımıza və ümumiyyətlə, dövlət rəmzlərimizə göstərilən bu münasibət milli həmrəyliyi, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyi, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsini, dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək istəyindən irəli gəlir. Azərbaycan gəncləri Vətən, torpaq sevgisini, dövlət rəmzlərinə hörməti, yüksək dəyəri 44 günlük İkinci Qarabağ müharibəsində yazdıqları Zəfər səhifəsi ilə təsdiqlədilər.

44 günlük İkinci Qarabağ müharibəsinin hər gününü tariximizə Zəfər səhifəsi kimi yazan rəşadətli ordumuzun qəhrəmanlığının, şücaətinin bələdçisi üçrəngli bayrağımız oldu. Paytaxt və bölgələrdə küçə və meydanları bayrağımız bəzədi. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı sevincini paylaşmaq üçün küçələrə əlində Azərbaycan Bayrağı ilə çıxdı. O vaxtdan iki il keçməsinə baxmayaraq həmin günləri böyük qürur hissi ilə xatırlayırıq.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi