25 Aprel 2024

Bayraq günün mübarək, məmləkətim!

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq öz yurduma öz hakimliyim…

Millətçiliyimizdə, mənəviyyatımızda mühüm rol oynayan bayrağımızın 100 ildən artıq tarixi var.

1918-ci il 28 mayda Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra, həmin il 9 noyabr tarixində Azərbaycan bayrağı AXC Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1920-ci il aprelin 28-də cümhuriyyət süqut etdi və Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə bu bayraq ləğv edildi. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq 70 il sonra ikinci dəfə 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin sessiyasında qaldırıldı.

… və 30 il sonra ərazi bütövlüyümüzün, Azərbaycan xalqının birliyinin simvolu olan müqəddəs bayrağımız bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində düşmən tapdağından azad olunan qədim yurd yerlərimizdə – Zəngilanda, Qubadlıda, Füzulidə, Cəbrayılda və bütün Qafqazın incisi, qədim mədəniyyət mərkəzi, Qarabağın mirvarisi olan Şuşa şəhərində qürurla, vüqarla dalğalanır.

Pis günümüzdə də, yaxşı günümüzdə də dayağımız olan ay-ulduzlu bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Nə zaman başımızı qaldırmışıqsa, onun inamla kükrədiyini görmüşük. Hisslərin bütün növlərində ona sarılmışıq. Onunla ovunmuşuq, göz yaşımızı onunla silib, güc toplayaraq yenidən ayağa qalxmışıq. Və budur, artıq uzun illərdir ki, biz birlikdə güclüyük və bayrağımız dünyanın siyasi, iqtisadi, mədəni arenalarında öz yerini və mövqeyini qoruyub saxlamaqdadır…Bayraq günün mübarək, məmləkətim! Bayrağımız daim uca zirvələrdə dalğalansın !

Səndən ötrü can verməyə cümlə hazırız,

Səndən ötrü qan tökməyə cümlə qadiriz.

Üç rəngli bayrağınla məsud yaşa!

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi, Fəlsəfə dokoru Vəsilə Möhsümova