23 Dekabr 2024

Bayrağımız milli qürurumuz, kimliyimizdir

Azərbaycanın Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət Bayrağı elan etmişdir.

Artıq üç ildir ki, bütün tarixi günləri, bayramları Zəfər ovqatında qeyd edirik. 9 Noyabr- Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Sərəncamda da qeyd edildiyi kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildi. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Bayraq hər bir millətin imzasını, onun kimliyini təsdiq edən bir varlıqdır. Bayraq həmçinin Vətənə sevgi və məhəbbət rəmzidir.  Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında yüksək vətənpərvərlik duyğuları aşılayır. Üçrəngli bayrağımızın yaranması 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.

Bayrağımız milli qürurumuz, kimliyimizdir. Üçrəngli bayrağımız iki ildir işğadan azad edilmiş torpaqlarımızda dalğalanır. Dövlət başçısı İlham Əliyev bu torpaqlara ilk səfəri zamanı Azərbaycan Bayrağını ucaldaraq tarixi Zəfərimizi bir daha dünyaya təqdim etdi. Qələbə müjdəçisi olan bayrağımız Azərbaycanın hər bir uğurunun müşaiyətçisidir.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini